Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevə 16 gün ərzində tələbələrdən 663 müraciət daxil olub.
ONA-nın xəbərinə görə, bu barədə BDU-nun saytında məlumat verilib.
Bildirilir ki, BDU-da tədrisin təşkili, təhsilin daha təkmil olması üçün fərqli yanaşma, yeni ideya, layihə, təklif, rəy, o cümlədən narazılıq və şikayətlərin öyrənilməsi məqsədilə qoyulmuş və şəxsən rektor Elçin Babayevin nəzarət etdiyi “Tələbə qutusu”na, eyni zamanda universitetin bsu.edu.az rəsmi saytında açılan “Tələbədən rektora” bölməsinə müraciətlər daxil olmaqda davam edir. 4-20 aprel tarixlərində “Tələbə qutu”suna 612, “Tələbədən rektora” bölməsi vasitəsilə isə 51, ümumilikdə 663 müraciət daxil olub.
Rektor hər iş gününün sonunda müraciətlərin hər birini şəxsən nəzərdən keçirir, onları qruplaşdıraraq mərhələli şəkildə araşdırılması, tədbirlər görülməsi və həlli məqsədilə aidiyyatı strukturlara, fakültələrə tapşırıqlar verir. Qaldırılan məsələlərin, ideya və təkliflərin əksəriyyəti rektor üçün maraqlı olduğundan onları öz cari və perspektiv fəaliyyət proqramına daxil edib. Konkret faktlar isə bilavasitə araşdırılır və müvafiq tapşırıqlar verilir. Tələbə müraciətlərindən universitet naminə bəhrələnən rektor tələbələrə təşəkkür edir və daha aktiv olmalarını arzulayır.