Azərbaycanda sürücülərin iş və istirahət rejiminə, həmçinin daşıyıcılar tərəfindən bu rejimə riayət olunmasına nəzarət Daxili İşlər Nazirliyi (DİN) tərəfindən həyata keçiriləcək və DİN növbəti ayın 10-dək əvvəlki ay ərzində görülmüş nəzarət tədbirləri barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məlumat verəcək.
ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydası”nda əksini tapıb.
Beynəlxalq daşımaları həyata keçirən avtonəqliyyat vasitələrinin sürücüləri üçün avtonəqliyyat vasitəsinin idarə olunması vaxtı aşağıdakı qaydada müəyyən edilir:
- avtonəqliyyat vasitəsinin gün ərzində idarə edilməsi vaxtı 9 saatdan artıq olmamalıdır. Həftə ərzində bu vaxt iki dəfədən çox və iki ardıcıl gün olmamaqla 10 saatadək uzadıla bilər;
- avtonəqliyyat vasitəsinin bir həftə ərzində idarə olunması vaxtı 56 saatdan artıq olmamalıdır;
- avtonəqliyyat vasitəsinin ardıcıl gələn 2 həftə ərzində arasıkəsilmədən idarə olunmasının ümumi vaxtının cəmi 90 saatdan artıq olmamalıdır;
Sürücü başqa işə sərf etdiyi hər hansı vaxtla yanaşı, digər kommersiya daşımalarında istifadə edilən, lakin bu Qaydanın şamil edilmədiyi avtonəqliyyat vasitələrinin idarə olunmasına sərf etdiyi vaxtın da qeydiyyatını aparmalıdır. Həmin qeydlər qeyd vərəqəsində (taxoqramda) əlyazma üsulu ilə aparılmalı, çap edilməli və ya mexaniki surətdə nəzarət cihazına daxil edilməlidir;
- avtonəqliyyat vasitəsinin hərəkətdə olduğu vaxta razılaşan tərəfin ərazisi ilə yanaşı, Sazişin tərəfi olmayan dövlətlərin ərazisi ilə hərəkət edilən vaxt da daxil edilir.
Beynəlxalq daşımalarda istifadə edilən avtonəqliyyat vasitələrinin sürücüləri üçün fasilə vaxtları aşağıdakı qaydada müəyyən olunur:
- avtonəqliyyat vasitəsini 4,5 saat ərzində idarə etdikdən sonra, istirahət dövrü başlamamışdırsa, sürücü minimal olaraq arasıkəsilmədən 45 dəqiqəlik fasilə etməlidir. Həmin 45 dəqiqəlik fasilə avtonəqliyyat vasitəsinin 4,5 saat müddətində idarə olunması vaxtı ərzində bölüşdürülərək, ardıcıl olaraq 15 dəqiqəlik və 30 dəqiqəlik fasilələrlə də əvəz oluna bilər;
- gözləmə vaxtı, habelə avtonəqliyyat vasitəsinin idarə olunmasına sərf olunmayan və hərəkətdə olan avtonəqliyyat vasitəsində (bərədə, qatarda) keçirilən vaxt başqa iş hesab edilmir və fasilə kimi qəbul oluna bilər;
- fasilə ərzində sürücü hər hansı başqa işlə məşğul olmamalıdır. Bu zaman gözləmə vaxtı, habelə avtonəqliyyat vasitəsinin idarə olunmasına sərf olunmayan və bərə və ya qatarla nəql edilən avtonəqliyyat vasitəsində keçirilən vaxt başqa iş hesab edilmir;
- fasilələr gün ərzindəki istirahət dövrünün vaxtına daxil edilmir.
Beynəlxalq daşımaları həyata keçirən avtonəqliyyat vasitələrinin sürücüləri üçün istirahət vaxtı aşağıdakı qaydada müəyyən edilir:
- sürücü gündəlik və həftəlik istirahətə malik olmalıdır;
- əvvəlki gündəlik və ya həftəlik istirahətin bitməsindən sonra hər 24 saat ərzində sürücü yeni gündəlik istirahətə malik olmalıdır. 24 saatlıq istirahətə aid edilən gündəlik istirahətin müəyyən hissəsi 9 saatdan az deyildirsə, lakin 11 saatdan azdırsa, gündəlik istirahət qısaldılmış istirahət dövrü kimi qəbul olunur;
- gündəlik və ya həftəlik istirahətin bitməsi anından 30 saat ərzində avtonəqliyyat vasitəsinin işçi heyətin üzvü qismində sərnişin və yük daşımasını yerinə yetirən sürücü 9 saatdan az olmayan yeni gündəlik istirahətdən istifadə etməlidir;
- gündəlik istirahət dövrü elə artırılmalıdır ki, nəticədə adi həftəlik və ya qısaldılmış həftəlik istirahət əldə edilsin;
- iki həftəlik istirahət dövrləri arasında sürücü üçdən çox olmayaraq, qısaldılmış gündəlik istirahət dövrünə malik olmalıdır;
- istənilən iki ardıcıl həftə ərzində sürücü iki adi həftəlik istirahət dövrünə, yaxud bir adi həftəlik istirahət dövrünə və 24 saatdan az olmayaraq, bir qısaldılmış həftəlik istirahət dövrünə malik olmalıdır. Lakin qısaldılma bərabər istirahət dövrü ilə əvəzlənməli və sürücü həmin istirahət dövründən birdəfəlik olaraq qeyd edilən
həftənin ardınca gələn üçüncü həftənin bitməsindən əvvəl istifadə etməlidir. Həftəlik istirahət dövrü əvvəlki həftəlik istirahət dövrünün bitməsi anından 24 saatlıq altı dövrün bitməsindən gec olmayaraq başlamalıdır;
- gündəlik istirahət dövrünün qısaldılması hesabına istifadə olunan hər hansı vaxt 9 saatdan az olmayan digər istirahət dövrünə birləşdirilməlidir;
-sürücünün təhkim edilmiş yerdə olması halı istisna olmaqla, sürücü 45 saatdan az olan həftəlik istirahət dövrünü və gündəlik istirahət dövrünü yataq yeri ilə təchiz olunmuş avtonəqliyyat vasitəsində xüsusi dayanacaqda istifadə edə bilər;
-iki həftəni əhatə edən həftəlik istirahət dövrü yalnız bu həftələrdən hər hansı biri üçün hesablana bilər;
- sürücü qatarla və ya bərə ilə daşınan avtonəqliyyat vasitəsini müşayiət edirsə və adi gündəlik istirahət dövründən istifadə edirsə, həmin istirahət dövrünün arası hər hansı digər işin görülməsi ilə bağlı iki dəfədən çox olmayaraq və aşağıdakı şərtlərə əməl edilməklə kəsilə bilər:
- quruda keçirilən gündəlik istirahət dövrünün müəyyən hissəsi qatarda və ya bərədə olarkən, gündəlik istirahət dövrünün istifadə edilən hissəsindən əvvəl və ya sonra istifadə edilməlidir;
- gündəlik istirahətlər arasındakı dövr mümkün qədər qısa olmalı və yüklənmədən bir saat əvvəlki və ya yükboşaltmadan bir saat sonrakı müddəti aşmamalıdır. Gömrük rəsmiləşdirmələri yüklənmə və ya yükboşaltma əməliyyatlarına aid olunur;
- gündəlik istirahət dövrü ərzində sürücü yataq yerinə malik olmalıdır;
- sürücünün bərədə və ya qatarda olduğu müddətdə rahat yataq yerinə malik olması halları istisna olmaqla, bu Qaydanın şamil olunduğu avtonəqliyyat vasitəsinin daimi olduğu yerə və ya həmin yerdən kənarda olan digər bir yerə getmək üçün sərf olunan istənilən vaxt istirahət və ya fasilə hesab edilmir;
- bu Qaydanın şamil olunduğu avtonəqliyyat vasitəsinin daimi olduğu yerə və ya həmin yerdən kənarda olan digər bir yerə getmək üçün bu Qaydanın şamil olunmadığı avtonəqliyyat vasitəsinin idarə olunmasına sərf olunan vaxt başqa iş kimi qiymətləndirilərək iş vaxtı hesab edilir.
Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və rahat dayanacaq yerinə çatmaq üçün sürücü avtonəqliyyat vasitəsində olan şəxslərin və ya yükün təhlükəsizliyinin təmin olunması məqsədilə bu Qaydanın tələblərindən kənara çıxa bilər. Bu halda sürücü əlverişli dayanacaq yerinə çatdıqdan dərhal sonra qeyd vərəqəsində (taxoqramda), kartdakı məlumatların çıxarışının arxasında və ya qeydiyyat kitabında kənaraçıxmanın səbəbini göstərməlidir.
Yeni Qaydaların qəbulu ilə əlaqədar Nazirlər Kabineti “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar”ın təsdiq edilməsi barədə” 2016-cı il 10 mart tarixli qərarını, “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2010-cu il 24 dekabr tarixli qərarın 1-4-cü hissələrini ləğv edib.