• SOSİAL

    14:50 24 may 2019

Beynəlxalq Məktəblər Şurasının ekspertləri Azərbaycanda səfərdə olub

Beynəlxalq Məktəblər Şurasının (CIS) 9 nəfərdən ibarət nümayəndə heyəti “Avropa Azərbaycan Məktəbi” Təhsil Kompleksinin dəvəti ilə Azərbaycanda səfərdə olub.

“TEAS”dan ONA-ya verilən məlumata görə, beynəlxalq ekspertlərin ölkəmizə səfəri məktəbin müraciəti əsasında akkreditasiya məsələləri ilə əlaqədar təşkil edilib.

Akkreditasiya üçün müraciət və onun əldə edilməsi prosesi 2 illik dövrü əhatə edir. Daniela Vasile rəhbərlik etdiyi nümayəndə heyətinin siniflərdəki təhsil prosesindən və müəllimlərin peşəkarlığından təsirləndiklərini bildirib. Səfərdə olan heyət həm valideyn, həm də şagirdlərlə görüşərək onların da məktəb haqqındakı mövcud fikirləri ilə tanış olub.

Beynəlxalq Məktəblər Şurası (CIS) tərəfindən akkreditasiya almağın müəyyən üstün cəhətləri mövcuddur. Belə ki, akkreditasiya prosesindən keçdikdə rəhbərlik məktəbin güclü tərəflərini və üzərində işlənilməli olan sahələrini daha aydın görə bilir. Bununla da, müəyyən edilən çatışmazlıqların həlli gələcək hədəfə çevrilir.

Akkreditasiyanın alınması təhsil və tədris səviyyəsinin beynəlxalq standartlara uyğun olması deməkdir. Həmçinin bu, məktəbin təhlükəsizlik, mühafizə və şagirdə dəstək baxımından etibarlı olduğunu göstərir. Şagirdlər universitetlərə qəbul zamanı sənədlərini təqdim etdikdə onların sənədləri universitetlər tərəfindən yoxlanılır və bu zaman bitirdikləri məktəbin keyfiyyəti araşdırılır. Əgər məktəb akkreditasiya almışdırsa, universitetlər burada şagirdlərin keyfiyyətli təlim-tədris prosesindən keçdiyindən əmin olur.

Beynəlxalq Məktəblər Şurası tərəfindən verilən akreditasiya beş ildən bir yenilənməli, hər dərs ili üçün görülmüş işlər üzrə hesabat verilməlidir. Beynəlxalq Məktəblər Şurası daim öz üzərində işləyən, davamlı inkişafı təmin edən, tədris edilən proqramların və təcrübələrin inkişaf etdirilməsinə diqqət yetirən məktəbləri yüksək dəyərləndirir. Avropa Azərbaycan Məktəbi məhz bu fikirləri əldə əsas tutaraq akkreditasiya almağa səy göstərir.

Avropa Azərbaycan Məktəbi 2011-ci ildə təsis edilmiş özəl ümumi təhsil məktəbidir. Məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərir və beynəlxalq proqramlar təklif edir. Bu proqramlara Beynəlxalq Bakalavriat (IB) İbtidai Təhsil Proqramı (PYP), Orta Təhsil Proqramı (MYP), Diplom Proqramı (DP) və Kembric Beynəlxalq İmtahanları (CIE) daxildir. Məktəbdə I-XI siniflərlə yanaşı, Erkən Təlim Proqramı (4 və 5 yaşlı uşaqlar üçün) da fəaliyyət göstərir. Məktəb, həmçinin Beynəlxalq Məktəblər Şurası (CIS) şəbəkəsinin də üzvüdür. Məktəb məzunları beynəlxalq nüfuzlu universitetlərlə bərabər Azərbaycan universitetlərinə də yüksək ballarla daxil olublar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR