• SOSİAL

    21:29 17 oktyabr 2019

“Bir şeir” müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

“Bir şeir” yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

APA xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Kulis.az” saytının baş redaktoru Şərif Ağayar müsabiqə haqqında ümumi məlumat verib. Tənqidçi, filologiya elmləri doktoru Cavanşir Yusifli isə münsiflər heyəti adından çıxış edərək yarışmada iştirak edən şeirləri analiz edib.

Tədbirdə AYB-nin gənclər üzrə katibi Rəşad Məcid də iştirak edib. O, “Kulis”in ədəbiyyat fəaliyyətini və eyni zamanda “Bir şeir” müsabiqəsini çox yüksək qiymətləndirib.

Çıxışlardan sonra mükafatlandırma mərasimi başlayıb.

İlk mükafat yarışmanın layk qalibi Sonuncu Orxana təqdim olunub. “Libraff” Mağazalar Şəbəkəsinin piar meneceri Sərxan Rüstəmov iştirakçıya 50 manatlıq kitab kartı hədiyyə edib.

Üçüncü yerin qalibləri – Malik Atilay və Elvin Bakiroğluna mükafatı münsif, şairə Səhər Əhməd, ikinci yerin qalibi Alik Əlioğluna tənqidçi Cavanşir Yusifli təqdim edib.

Birinci yerin qalibi Fərid Hüseynin mükafatını “APA Group”un rəhbəri Vüsalə Mahirqızı təqdim edib və təqdimatdan əvvəl “Kulis”in fəaliyyəti və yarışma haqda ürək sözlərini bildirib.

Sonda qaliblərlə xatirə şəkli çəkilib.

Xatırladaq ki, müsabiqə sentyabrın 16-dan elan olunub, əsər qəbulu isə oktyabrın 10-dək davam etdirilib. 200-dən çox iştirakçının qatıldığı müsabiqədə yalnız şərtlərə uyğun olan şeirlər seçilərək həm “Kulis.az”da, həm də “Kulis.az”ın “Facebook” səhifəsində yayımlanıb.

Seçilmiş şeirlər ekspertlər qrupu tərəfindən seçilərək münsiflərə təqdim olunub. Aqşin Yenisey, Cavanşir Yusifli, Məti Osmanoğlu, Səhər Əhməd, Zahir Əzəmətdən ibarət münsiflər heyəti 20-liyi müəyyən edib. Daha sonra 20-lik əsasında 10-luq müəyyənləşib.

Eyni zamanda “Kulis”in xüsusi mükafatına görə “Facebook” səhifəsində layk yarışması keçirilib, ən çox layk toplayan şeir qalib seçilib. Bütün qaliblərə pul mükafatları verilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR