Birinci vitse-prezident Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin vəfatı münasibəti ilə başsağlığı verib.
ONA-nın xəbərinə görə, Birinci vitse-prezidentin “İnstagram” səhifəsində paylaşılan başsağlığında deyilir: “Dünya şöhrətli şərqşünas-alim, müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev dünyasını dəyişib. Çox yüksək intellektə və nadir mənəvi keyfiyyətlərə malik insan – Vasim müəllim elm dünyasında şübhəsiz nüfuz sahibi idi. Onun Azərbaycanda şərqşünaslığın inkişafında müstəsna xidmətləri var. Dahi tədqiqatçı alim və istedadlı müəllim olan Vasim Məmmədəliyev Azərbaycan elminin çoxəsrlik ənənələrinin davamçısı idi.
Akademik Vasim Məmmədəliyevin vəfatı bizim hamımız üçün çox böyük itkidir. Böyük alimin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin!”.
Qeyd edək ki, tanınmış ilahiyyatçı, şərqşünas alim, əməkdar elm xadimi Vasim Məmmədəliyev uzun sürən xəstəlikdən sonra 77 yaşında vəfat edib.
Vasim Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhəri Kürdəxanı kəndində anadan olub. 1949-1959 - Bakı şəhər 113 saylı orta məktəbdə təhsil alıb. O, akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə tərcümə edib. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub. 30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik edib. 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilib.
V.Məmmədəliyev "Şərəf" və "Şöhrət" ordenləri ilə də təltif edilib.