Bakıda Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransı (IAEA 2019) keçirilir.
APA-nın məlumatına görə, IAEA 2019-da Azərbaycanla birgə 55 ölkədən 300-dən artıq nümayəndə iştirak edir. Builki konfrans "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusuna həsr olunub.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının iştirakçılarına müraciət ünvanlayıb.Təbrik məktubunu konfransın açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
Məktubda deyilir: "Hörmətli konfrans iştirakçıları, əziz qonaqlar. Sizi Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının açılışı münasibətilə səmimi qəlbdən salamlayıram. Belə bir mötəbər tədbirin ölkəmizin paytaxtında yenidən keçirilməsindən məmnunluğumu bildirirəm. Biliyin qiymətləndirilməsi təhsil sahəsinin ayrılmaz tərkib hissəsidir. Müxtəlif bilik və bacarıqların yoxlanılması zamanı nəticələrin obyektiv qiymətləndirilməsi və müasir ölçmə metodlarından istifadə edilməsi böyük əhəmiyyətə malikdir. Qiymətləndirmə və qərar vermə fərdi və institusional həll yolları mövzusuna həsr olunan hazırkı konfrans bu baxımdan təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılmasına, eləcə də qiymətləndirmə və qərarvermədə yeni tendensiyaların yaradılmasına öz töhfəsini verəcək. Azərbaycan təhsil sistemində son illərdə bir sıra uğurlar qazanılmışdır. Biz postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdənik. Sistemin fəaliyyəti cəmiyyətimiz və qiymətləndirməni təşkil edən forumlar tərəfindən indi də yüksək dəyərləndirilir. Ölkəmizdə eyni zamanda beynəlxalq qiymətləndirmənin inkişaf prinsiplərinə əsaslanaraq lazımi araşdırmalar aparılıb və bu istiqamətdə normativ hüquqi baza təkmilləşdirilib. Qərar qəbuletmə prosesində qiymətləndirmənin etibarlılığı və daha düzgün qərar qəbul etmək üçün müvafiq qiymətləndirmə üsullarının müəyyən edilməsi aktual məsələlərdəndir. Əminəm ki, 55 ölkədən 300-dən artıq ekspertin qatıldığı konfransınız da qiymətləndirmə sisteminin müxtəlif aspektləri ilə bağlı geniş müzakirələr, yeni qiymətləndirmə texnologiyalarının səmərəli tətbiqində və standartların formalaşdırılmasında mühüm rol oynayacaq. Hamıya can sağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram".
Rəsmi açılış mərasimindən sonra konfrans bölmələr üzrə işini davam etdirəcək. Bölmələrin işi sessiyalara bölünür. Hər gün əsas məruzəçilərin çıxışından sonra sessiyalar fəaliyyətə başlayır. Sessiyalar qərar qəbuletmə, ali təhsil, qiymətləndirmə sistemləri, standartları, metodları və strategiyaları, diaqnostik qiymətləndirmə, psixoloji qiymətləndirmə, sinif qiymətləndirməsi, dilin qiymətləndirilməsi, qiymətləndirmə sistemlərinin yoxlanılması, qiymətləndirmə islahatları, müəllim hazırlığı və qiymətləndirmə, ibtidai təhsildə test, validlik, keyfiyyətli test zəmanəti və s. mövzuları əhatə edəcək. Konfransın sonuncu günü, sentyabrın 27-də isə konfrans (Post-Conference Workshops) sonrası praktik məşğələlər keçirilək.
Məşğələlər "XXI əsrin funksional savadlılığına uyğun olaraq təhsildə və qiymətləndirmədə dayanıqlı keçidə nail olmaq üçün təlimlərin təşkili", "Qiymətləndirmə ədalətlidirmi?", "İmtahan keyfiyyətinin təmin olunmasına dair RCEC təşkilatının dəyərləndirmə sistemi" mövzularına həsr olunacaq. Bu məşğələlərdə Niderlandın Cito qiymətləndirmə təşkilatının təmsilçisi Niko Diteren, Kembric Qiymətləndirmə (Cambridge Assesment) departamentindən İsabel Nisbet, Stüart D.Şou, RCEC-in direktoru Arnold Brauer və qiymətləndirmə sahəsində digər alimlərin, tədqiqatçıların, həmçinin yerli mütəxəssislərin iştirakı gözlənilir.
Konfransda xarici ekspertlərlə yanaşı, qiymətləndirmə üzrə 20-dən çox yerli ekspert də çıxış edəcək. Qeyd edək ki, IAEA ümumi və ali təhsil müəssisələrində və iş yerlərində qiymətləndirməni həyata keçirən qurumlar üçün yaradılmış qlobal forumdur. Assosiasiyanın üzvləri dünya üzrə 50-dən çox ölkəni təmsil edən təhsil müəssisələri, tədqiqat mərkəzləri və müvafiq dövlət qurumlarından ibarətdir. IAEA təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məqsədilə hər il üzv ölkələrin birində beynəlxalq konfrans təşkil edir.