• SOSİAL

    18:57 13 iyun 2019

Birinci vitse-prezident Mehriban Əliyeva uşaq sığınacağının yeni binasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 13-də Bakının Xəzər rayonunun Binə qəsəbəsində “Ümid yeri” uşaq sığınacağının yeni inşa olunan binasının açılışında iştirak edib.

ONA xəbər verir ki, “Ümid yeri” uşaq sığınacağının köhnə binası müasir tələblərə cavab vermədiyindən Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni bina inşa olunub.

Birinci vitse-prezident Mehriban Əliyevaya binada yaradılan şəraitlə tanış oldu. Müəssisənin rəhbəri Nigar Mənsimova “Ümid yeri” uşaq sığınacağının fəaliyyəti barədə Mehriban Əliyevaya məlumat verib.

Qeyd edilib ki, uşaq sığınacağı 1997-ci ildə təsis olunub. Burada 18 yaşınadək şəxslər məskunlaşır. Sığınacaqda qaldıqları müddətdə onlara hüquqi, mənəvi, sosial və tibbi yardımlar edilir, uşaqların cəmiyyətə adaptasiya olunmalarına və təhsil almalarına dəstək göstərilir.

Müəssisədə sığınacaq sakinlərinin zövqlərinin formalaşması, istedad və bacarıqlarının inkişafı məqsədilə müxtəlif sənət sahələri - xalçaçılıq, rəssamlıq, əl işləri üzrə emalatxanalar yaradılıb.

Uşaqların iştirakı ilə yaradılan “Keçə” rəsm əsəri Heydər Əliyev Fondunun prezidentinə hədiyyə edildi.

İkimərtəbəli müəssisənin binası 53 yerlikdir. Yeni bina oğlanlar, qızlar və kiçik yaşlı uşaqlar üçün bölmələrin yaradılmasına imkan verib. Bütün otaqlar müasir avadanlıqla təchiz edilib. Uşaq sığınacağında yataq, sinif otaqları, informatika kabinetləri, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət və əyləncə zonaları, yeməkxana yaradılıb.

Sonra Birinci vitse-prezident Mehriban Əliyeva uşaq sığınacağının sakinləri ilə görüşərək onlarla söhbət edib.

On yaşlı Ömər Musayev yeni binada yaradılan şəraitin onların ürəyincə olduğunu söyləyib. Deyib ki, burada təhsil almaq, asudə vaxtlarını maraqlı keçirmək üçün bütün imkanlar var. O, görülən işlərə görə sığınacaq sakinlərinin adından Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. Uşaqların arzuları ilə maraqlanan Heydər Əliyev Fondunun prezidenti sığınacaq sakinlərinin yanına yenə də qonaq gələcəyini deyib. Mehriban Əliyeva qeyd edib ki, indi bütün lazımi şəraitlə təmin olunan uşaqların əsas vəzifəsi yaxşı oxumaqdır. Müəssisənin balaca sakinləri Birinci vitse-prezidentə musiqiyə, rəsm çəkməyə həvəs göstərdiklərini söyləyib, mahnı ifa ediblər.

Heydər Əliyev Fondu uşaqlarla bağlı müxtəlif layihələr reallaşdırır. Xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Fond paytaxtdakı uşaq müəssisələrinin sakinləri üçün yaradılan şəraitin daha da yaxşılaşdırılması məqsədilə mühüm layihələrə imza atır. Bu istiqamətdə görülən işlərdən biri də “Ümid yeri” uşaq sığınacağı üçün yeni binanın inşasıdır.

Binanın həyəti abadlaşdırılıb, yaşıllıq zonası salınıb.

Birinci vitse-prezident Mehriban Əliyeva “Ümid yeri” uşaq sığınacağına fəaliyyətində uğurlar arzulayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR