BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin dəstəyi ilə jurnalistlər, bloger və vlogerlər üçün “Gender əsaslı cins seçimi mövzusunun işıqlandırılması üzrə media işçilərinin bacarıqlarının artırılması” mövzusunda iki günlük praktik seminara start verilib.
ONA xəbər verir ki, tədbir Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təbliği üzrə Qlobal Proqram” çərçivəsində təşkil olunub. Layihənin məqsədi oğlan uşaqlarına üstünlük verilməsi probleminin və doğulan uşaqlar arasında gender əsaslı cins seçiminin aradan qaldırılması məqsədilə həyata keçirilən milli təşviqat kampaniyasına medianı cəlb etməkdir. Layihənin yerli tərəfdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasıdır.
Seminarın açılışında BMT-nin Əhali Fondunun Demoqrafik inkişaf üzrə müşaviri Nərminə Məlikova “Doğulanların cins nisbətinin pozulması ilə bağlı Azərbaycanda və dünyada mövcud vəziyyət” mövzusunda məruzə edib.
O bildirib ki, son illər Azərbaycanda cins nisbətinin pozulması halları müşahidə edilir, bu vəziyyət gələcəkdə əhalinin strukturunda xoşagəlməz nəticələrə səbəb ola bilər: “Bu istiqamətdə BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti tərəfindən müxtəlif layihələr həyata keçirilir. Layihələr çərçivəsində edilən müdaxilələrin uğurunu təmin etmək üçün KİV-in rolu vacib və önəmlidir”.
Mətbuat Şurasının sədri müavini Ümid Mirzəyev bildirib ki, mətbuatda utancverici hallar bəzən daha çox qabardılır: “Kişi ilə qadın eyni hərəkət etsə, qadın daha çox müzakirə, təhqir edilir. Avtomobil idarə edən qadın qəza törədəndə mediada onu gülünc vəziyyətə gətirirlər. Bu, yolverilməzdir”.
Ü.Mirzəyev qeyd edib ki, hazırda Mətbuat Şurasında 1000-ə yaxın rəsmi şikayət müzakirə edilir: “Təxminən o qədər şikayəti də katiblikdə danışıq yolu ilə həll edirik, rəsmiləşdirmirik. Şikayətlərin böyük hissəsi kiminsə ailəsi, həddi-buluğa çatmamış qız uşağı ilə bağlıdır. Bunu yazan müəlliflər arasında xanımlar da az deyil. Xanım yazarların özləri bu cür məqamlarda həmcinslərini tənqid edirlər. Bölgələrdə kimsə sayt təsis edir və xanımlara kart verib, qapılara göndərir. Bu cür adamlar mətbuatın adına ləkə gətirirlər".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib ki, cins nisbətinin pozulmasının genefonda mənfi təsirləri var: “Bu, gələcəkdə qadınların hüquqlarının pozulmasına, kriminal vəziyyətə, ailə strukturuna təsir edəcək. Biz artıq həyəcan təbili çalırıq ki, ailədə, cəmiyyətdə qadına, qıza dəyər verilsin. Ailədə qız dünyaya gətirən qadına təzyiq olunmamalıdır”.
Daha sonra seminarın əsas təlimçisi, Türkiyədən dəvət olunmuş media mütəxəssisi Ayşe Karabat müəllifi olduğu “Gender jurnalistikası” adlı təlim kitabçasını təqdim edib. Kitabça qadın hüquqları, gender bərabərliyi, gender zorakılığı və digər oxşar mövzularda yazan jurnalistlər üçün əyani vəsait rolunu oynayacaq.
Qeyd edək ki, seminarda media nümayəndələrinin doğulan uşaqların cins nisbətinin pozulmasının səbəb və nəticələri haqqında məlumatlılığının artırılması məsələsi müzakirə ediləcək. Bununla yanaşı, iştirakçılara ənənəvi və yeni media vasitələrinin, sosial media alətlərinin bu mövzudakı təşviqat işində istifadə olunması üçün praktik biliklər veriləcək.