Bakı Nəqliyyat Agentliyi (BNA) hərəkət iştirakçılarına müraciət edib.
BNA-dan ONA-ya verilən məlumata görə, əvvəlcədən də məlumat verildiyi kimi Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq “Bakı şəhər halqası”-nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti 31 may, gecə saat 01:00-dan etibarən 8 iyun, səhər saat 06:00-dək dayandırılacaq.
Məhdudiyyətin tətbiq olunduğu müddət ərzində əhalinin ictimai nəqliyyata əlçatanlığını təmin etmək üçün trekin və onun ətrafındakı küçələrdən keçən marşrut xətlərinin hərəkət sxemi müvəqqəti dəyişdirilib. (ətraflı linkdə: http://bna.az/az/news/1318)
BNA əhaliyə müraciət edərək müvəqqəti xarakter daşıyan dəyişiklikləri və məhdudiyyətləri anlayışla qəbul etmələrini xahiş edir: “Ciddi zərurət olmadığı halda şəxsi nəqliyyat vasitəsi ilə şəhər mərkəzinə səyahət etməməyi, daha çox ictimai nəqliyyata üstünlük verilməsini tovsiyə edirik. Bu, yollarda nəqliyyat vasitələrinin, xüsusən də müntəzəm və ekspress xətlər üzrə avtobusların maneəsiz hərəkəti, lüzumsuz sıxlıqların yaranmaması baxımından əhəmiyyətlidir. 31 may səhər saat 06:00-dan Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin bərpa olunmasını da xatırladaraq bildiririk ki, bu əhalinin ictimai nəqliyyat imkanlarını artıran vacib faktordur. Bir daha vətəndaşlarımıza bu cür mötəbər idman tədbirlərinin uğurla keçirilməsinə verdikləri dəstəyə və nümayiş etdirdikləri anlayışa görə təşəkkür edirik”.