Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 5-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
DİM-dən APA-ya verilən xəbərə görə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.
İmtahan 15 şəhər və rayonda keçirilib. İmtahanın təşkil edilməsi üçün ümumilikdə 105 imtahan binası, 1757 imtahan zalı ayrılıb. İmtahanın idarə olunmasına 105 ümumi imtahan rəhbəri, 282 imtahan rəhbəri, 2178 nəzarətçi–müəllim, 214 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 105 bina nümayəndəsi ayrılıb.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
İlkin məlumatlara əsasən, 4 şagirddə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
Bundan başqa, 1 imtahan nəzarətçisində mobil telefon aşkar edildiyi üçün, digər 1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunan hallar araşdırılır və həmin nəzarətçi-müəllimlərlə bağlı Təhsil Nazirliyinə müraciət olunacaq.
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı gətirməyi unutmasınlar.
Martın 6-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqləri, kartlarının emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin aprelin 1-dək elan olunması nəzərdə tutulur.