Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq II və III ixtisas qrupları ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib.
ONA xəbər verir ki, DİM-in məlumatına görə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.
İmtahanlar 16 şəhər və rayonda təşkil olunub.
İmtahanların təşkil edilməsi üçün ümumilikdə 84 imtahan binası, 1450 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 84 ümumi imtahan rəhbəri, 247 imtahan rəhbəri, 1882 nəzarətçi–müəllim, 168 buraxılış rejimi əməkdaşı, 84 bina nümayəndəsi ayrılıb.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahana gələn iştirakçıların bədən hərarətləri normaya uyğun olub.
3 nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Avqustun 14-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
İmtahanlarda istifadə olunan qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları isə (Azərbaycan və rus bölmələri) yaxın saatlarda DİM-in saytında yerləşdiriləcək.
Qeyd edək ki, avqustun 14-də DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsi ilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən bu gün və sabah keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqları və sualların düzgün cavabları ilə bağlı geniş izahat veriləcək.
***
08.27
Bu gün cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilir.
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun imtahan mərkəzində imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun imtahan mərkəzində imtahan verirlər.
İmtahan Nəsimi, Səbail, Nizami, Yasamal, Xətai, Xəzər, Sumqayıt (Sumqayıt, Xızı), Gəncə (Gəncə, Daşkəsən, Göygöl, Samux, Goranboy, Naftalan), Qazax-Ağstafa (Qazax, Ağstafa, Tovuz), Bərdə (Bərdə, Beyləqan, Tərtər, Xocavənd), Göyçay (Göyçay, İsmayıllı, Ucar), Lənkəran (Lənkəran, Astara, Lerik), Salyan (Salyan, Neftçala, Biləsuvar (Mehdili istisna)), Sabirabad (Sabirabad, Mehdili kəndi, İmişli, Füzuli), Şəki (Şəki, Oğuz, Qəbələ), Xaçmaz (Xaçmaz, Şabran, Siyəzən) imtahan mərkəzlərində keçirilir.
İmtahanda 19197 abituriyentin iştirakı nəzərdə tutulub.
DİM-in məlumatına görə, imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilib. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
Bundan əlavə, imtahan günündən 2 gün əvvəl Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilib və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.