Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Kollegiyası “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatın təqdim edilməsi qaydası və formasının təsdiq edilməsi barədə” qərar qəbul edib.
ONA-nın məlumatına görə, aprelin 13-dən qüvvəyə minən Qaydaya əsasən, nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) Məşğulluq Alt Sistemi ( MAS) ayda bir dəfə növbəti ayın 5-dən gec olmayaraq hesabatı elektron şəkildə yaradacaq.
Hesabat aşağıdakı qaydada təqdim olunur:
- Hesabat ayı ərzində nazirliyin göndərişi ilə işə qəbul edilənlər, o cümlədən, kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında məlumatlar əsasında MAS tərəfindən formalaşmış hesabat işəgötürənin şəxsi kabinetində əks etdirilir;
-işəgötürən hesabatın şəxsi kabinetdə əks olunduğu tarixdən 2 iş günü müddətində hesabatda olan məlumatları yoxlayaraq elektron imzası ilə təsdiq edir;
- işəgötürən hesabatdakı məlumatlarla razı olmadıqda, həmin məlumatlara düzəlişlər edir və düzəliş edilmiş hesabatı izahla birlikdə MAS-a təqdim edir.
Hesabatda aşağıdakı məlumatlar göstərilir:
- hesabatı təqdim edən işəgötürənin adı, ünvanı, əsas fəaliyyət növü, eyniləşdirmə nömrəsi və hesabat ayı;
- hesabat ayı ərzində nazirlik tərəfindən verilmiş göndərişlərin sayı;
- hesabat ayı ərzində nazirlik tərəfindən verilmiş göndərişlər üzrə işə qəbul edilənlərin sayı;
- hesabat ayı ərzində kvota üzrə işə qəbul edilənlərin sayı;
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş göndərişlər (o cümlədən kvota) üzrə hesabat ayı ərzində işdən çıxarılanların sayı və işdən çıxarılma səbəbləri.