• SOSİAL

    02:14 1 aprel 2021

Bu gündən Türkiyə və Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə biləcək

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol” aprelin 1-dən qüvvəyə minir.

APA-nın məlumatına görə, bu gündən etibarən Azərbaycan Respublikasının vətəndaşları diplomatik, xidməti və ümumvətəndaş pasportları, eləcə də Azərbaycan Respublikası vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi əsasında Türkiyə Respublikasına vizadan azad şəkildə səyahət etmək imkanına malik olacaq.

Yuxarıda sadalanan etibarlı sərhədkeçmə sənədlərinə malik olan Azərbaycan vətəndaşları Türkiyə ərazisinə daxil olmaq, tranzit keçmək və burada qalmaq üçün doxsan (90) gün müddətinə viza tələbindən azad edilirlər.

Türkiyə ərazisindən üçüncü ölkələrə və üçüncü ölkələrdən Türkiyə ərazisinə daxil olmaq üçün Azərbaycan vətəndaşları tərəfindən pasportların istifadə olunması isə məcburidir.

Bu mənada Azərbaycan vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi yalnız Azərbaycan ərazisindən Türkiyə birbaşa səyahətlər üçün istifadə ediləcək.

Azərbaycan vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi, eləcə də yuxarıda qeyd olunan digər sərhədkeçmə sənədləri Türkiyə ərazisinə giriş tarixindən etibarən ən az otuz (30) gün etibarlılıq müddətinə malik olmalıdır.

Türkiyə ərazisində hər hansı səbəbdən doxsan (90) gündən artıq müddətdə qalmaq istəyən Azərbaycan vətəndaşları yaşamaq icazəsi almaq üçün tələb olunan müddətdən azı altmış (60) gün daha çox etibarlı olan pasport ilə müraciət etməlidir.

Bu protokolun qüvvəyə minməsi ilə Türkiyə vətəndaşları da yeni nəsil şəxsiyyət vəsiqəsi ilə Azərbaycana 90 gün müddətlik vizasız səyahət edə biləcək.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol” ötən il dekabrın 10-da Bakıda imzalanıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR