2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı ümumilikdə 4 110 müraciət daxil olub.
Agentliyin mətbuat xidmətindən ONA-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən müddət ərzində 52 subyektdə qida təhlükəsizliyinə dair texniki-normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar edildiyindən həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub və sahibkarlıq subyektlərində sağlamlaşdırma tədbirləri həyata keçirilib: "Qeydiyyatından imtina edilmiş 32 subyektin fəaliyyətinin sağlamlaşdırılması üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zəruri texniki və metodoloji dəstək göstərilib və aparılan təkrar yoxlamaların nəticələrinə əsasən həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı müvafiq qərar qəbul edilib.
Qida Təhlükəsizliyi Agentliyi bir daha qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və fəaliyyətlərini qida təhlükəsizliyinə dair norma və qaydaların tələbərinə uyğunlaşdırmağa çağırır.