"Azərbaycan hökuməti Beynəlxalq Əmək Təşkilatı ilə geniş əməkdaşlıq edir".
ONA-nın məlumatına görə, bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə "Strateji əməletmə planlaşdırılmasına Beynəlxalq Əmək Təşkilatının yanaşması. Əməyin təftişi və məşğulluq siyasəti" mövzusunda keçirilən konfransda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib.
M. Kərimli deyib ki, Azərbaycan 2017-ci ildə BƏT-in İdarə Heyətinin üzvü seçilib: “Gələn həftə baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti BMT-nin yüksək səviyyəli forumunda iştirak edəcək. Azərbaycan BMT-də ikinci könüllü hesabatını təqdim edəcək. Bu hesabat BƏT-lə əməkdaşlığımızı əks etdirən məlumatları əhatə edir".
Nazir müavini qeyd edib ki, sahibkarlıq subyektlərində yoxlamalar 1 yanvar 2021-ci ilə kimi dayandırılıb: "Bu səbəbdən Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olan şikayətlər əsasında araşdırma aparır, hüquqi şəxslərə və vətəndaşlara cavablar verilir. Onu da qeyd edim ki, bu ilin 6 ayında Dövlət Əmək Müfəttişliyi Xidmətinə 3 min 964 şikayət məzmunlu ərizə, hüquqi şəxslərdən 3 min 106 məktub daxil olub. Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyi tərəfindən 708 vətəndaş fərdi qaydada qəbul edilib. 6 ay ərzində vətəndaşların 52 min manata qədər gecikdirilmiş sosial ödənişlərin ödənilməsi təmin edilib. Qanunsuz işdən çıxarılmış 77 nəfər isə əvvəlki iş yerlərinə bərpa olunub. Dövlət qurumları və vətəndaşların müraciətləri əsasında 282 hüquq pozuntusu aşkarlanıb. İstehsalatla əlaqəli bədbəxt hadisələrdə 24 nəfər həyatını itirib, 94 nəfər xəsarət alıb”.
M. Kərimli Əməyin Mühafizəsi Fondunun yaradılmasının da gündəlikdə olduğunu nəzərə çatdırıb: "Ümid edirik ki, yaxın müddətdə işlər başa çatacaq və Əməyin Mühafizəsi Fondu yaradılacaq. Fondun vəsaitləri hesabına maarifləndirmə tədbirlərinin, əməkdaşların peşə bacarıqlarının artırılması mümkün olacaq".