Sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazilərini ağır artilleriyadan atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın siyahıya alınmasına başlanılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılan Dövlət Komissiyası Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Naftalan və digər şəhər və rayonlara ezam olunublar.
Ağdam rayonu üzrə işçi qrupun rəhbəri Dövlət Vergi Xidməti rəisinin müşaviri Taryel Quliyev APA-ya verdiyi xəbərə görə, erməni hərbçilərinin Azərbaycanın yaşayış məntəqələrinə hərbi təcavüzü nəticəsində ziyan çəkmiş dinc əhalinin, onların əmlakının, dövlət obyektlərinin sayılmasına başlanılıb, eyni zamanda dəymiş ziyan qiymətləndirilir və vəziyyəti öyrənilir. Müvafiq qiymətləndirmə işləri başa çatdıqdan sonra təmir-bərpa işlərinə başlanılacaq.