Cəlilabadda bitkilər arasında kütləvi zərərvericilər yayılıb.
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, tırtıl zərərvericiləri əsasən örüş sahəsindəki yabanı halda bitən alaq otları arasında yayılıb. Bitkilərin üzərindəki yarpaqları tez bir zamanda yeyən bu zərərvericilər daha sonra yeni qida mənbələri axtarmaq üçün kütləvi halda bir yerdən başqa yerə doğru hərəkət edir. Tırtıl halda olan zərərvericilər mədəni bitkilər arasında ən çox xiyar kollarına ziyan vurmağa başlayıb.
Cəlilabad Rayon Bitki Mühafizəsi Mərkəzindən ONA-ya bildirilib ki, sözügedən canlılar karantin zərərvericiləri olmadığı üçün onların zərərsizləşdirilməsini hər bir torpaq sahibi öz vəsaiti hesabına aparmalıdır. Bundan ötrü isə düzgün dərman preparatlarının seçilməsi vacibdir. Mövcud çətinliklərlə qarşılaşan şəxslər isə tövsiyələr almaq üçün rayonlardakı DAİM-lərin mütəxəssislərinə müraciət edə bilərlər.