Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrup (MPQ) tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr həyata keçirilməklə, həmin müəssisələrdə saxlanma şəraiti, rəftar məsələləri, qidalanma vəziyyəti, tibbi xidmətin təşkili araşdırılır.
Ombudsman Aparatından ONA-ya verilən məlumata görə, bu fəaliyyət çərçivəsində MPQ-nin üzvləri tərəfindən növbəti başçəkmə əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində həyata keçirilib.
BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin və rəftarın, habelə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisənin cərimə təcridxanasına, tibbi-sanitar hissəsinə, yataqxana korpuslarına və digər obyektlərə baxışlar keçirilmiş, habelə tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılmış, saxlanma şəraiti ilə bağlı bəzi çatışmazlıqlar müəyyənləşdirilib.
Müəssisədə psixoloji və sosial xidmətlərin təşkilinə, məhkumların ictimai faydalı əməyə cəlb edilməklə islah olunması işinin genişləndirilməsinə və təşviqinə ehtiyac var.
Rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə məhkumlar konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunma vəziyyəti, qaldırdıqları məsələlər üzrə sənədləşmə yerində araşdırılmış, habelə onların yazışmaları və tibbi yardımla bağlı bir sıra müraciətləri yerində təmin edilib.
Fərdi qəbul zamanı qaldırılan məsələlərlə bağlı hər birinə hüquqi məsləhətlər verilmiş və müraciətləri qəbul olunub.
Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılmış, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən Avropa Penitensiar Qaydalarına müvafiq şəkildə saxlanma şəraiti, tibbi xidmət və sənədləşmə ilə bağlı çatışmazlıqların aradan qaldırılması üzrə müvafiq tövsiyələr verilib.
Başçəkmənin nəticəsi və məhkumların müraciətlərinin təmin olunması ilə bağlı müvafiq orqanlara müraciətlər ediləcək.