• SOSİAL

    10:47 12 avqust 2023

Çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə növbəti dəfə müraciət edilib

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərlə bağlı təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə növbəti müraciət edib.

ONA xəbər verir ki, müraciətdə deyilir:

"İsti yay günlərində əhalinin xüsusilə həftəsonları istirahət üçün kütləvi üz tutduqları məkanlardan biri də dənizdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi insanlar tərəfindən çimərliklərlə bağlı təhlükəsizlik qaydalarının pozulması hallarına rast gəlinir ki, bu da sonda acı nəticələrə səbəb olur.

Yuxarıda qeyd olunanlarla bağlı xüsusilə həftəsonu insanların istirahət üçün kütləvi şəkildə dənizə üz tutmasını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək çimərliklərlə bağll təhlükəsizlik qaydalarına əməl etməyə çağırır. Belə ki, aşağıdakılar qadağandır:

- çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək;

- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;

- küləkli havada dənizə girmək;

- çimərlikdə gecələmək;

- sərxoş halda çimərlikdə olmaq;

- suda kobud hərəkətlər etmək;

- çimərlikdə balıq tutmaq;

- xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

- çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

- Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!"

FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib!

ONA

Teqlər:

SON XƏBƏRLƏR