• SOSİAL

    09:05 28 aprel 2019

Cinayət törətmiş yeniyetmə və gənclər üçün yaradılan xüsusi peşə təhsili müəssisələrinin statusu müəyyənləşib

Nazirlər Kabineti “Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”ni təsdiqləyib.

ONA-nın məlumatına görə, bu Nümunəvi Nizamnamə xüsusi peşə təhsili müəssisələrinin fəaliyyətini tənzimləmək üçün onların nizamnamələrinin hazırlanması və dövlət qeydiyyatından keçirilməsi məqsədilə hazırlanıb.

Peşə təhsili müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, əmək bazarının tələbatına uyğun peşələr öyrədən, əlavə təhsil verən və ictimai-faydalı əməyə şüurlu münasibəti tərbiyə edən publik hüquqi şəxsdir. Peşə təhsili müəssisəsi Nazirlər Kabineti ilə razılaşdırılmaqla, Təhsil Nazirliyi tərəfindən yaradılır. Peşə təhsili müəssisəsi nazirliyin tabeliyində qapalı tipli təlim-tərbiyə müəssisəsi kimi fəaliyyət göstərir. Peşə təhsili müəssisəsi müstəqil balansa, istifadəsində olan əmlaka, banklarda hesablara, üzərində Nazirliyin, həmçinin özünün adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. Peşə təhsili müəssisəsinin nizamnaməsi Təhsil Nazirliyi tərəfindən təsdiq edilir.

Peşə təhsili müəssisəsində məhkəmənin qərarı əsasında aşağıdakı yetkinlik yaşına çatmayanlar təhsilə cəlb olunurlar:

- ağır və ya xüsusilə ağır cinayət törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış şəxslər;

- cinayət məsuliyyətinə cəlb olunması üçün cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmış az ağır cinayət törədən və məhkəmə tərəfindən cəzadan azad edilmiş şəxslər.

Cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmış az ağır cinayət törədən və məhkəmə tərəfindən cəzadan azad edilmiş şəxslər peşə təhsili müəssisəsinə cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada göndərilirlər.

Peşə təhsili müəssisəsinin ali idarəetmə orqanı Pedaqoji Şuradır. Pedaqoji Şuranın tərkibinə müəssisənin direktoru (Pedaqoji Şuranın sədri), tədris-tərbiyə və istehsalat işləri üzrə direktor müavini, baş usta, müəllimlər, istehsalat təlimi ustaları daxildir. Pedaqoji Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Nazirliyin təsdiq etdiyi müvafiq əsasnamə və peşə təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Peşə təhsili müəssisəsində metodiki işləri gündəlik həyata keçirmək məqsədilə fənlər (modullar) və peşələr üzrə metodiki komissiyalar yaradılır. Müəllimlər üçün metodiki komissiya iclasları, seminarlar və fərdi metodiki işlər təşkil edilir. Peşə təhsili müəssisəsinin cari fəaliyyətinə rəhbərliyi direktor həyata keçirir. Direktor Təhsil Nazirliyi ilə razılaşdırılmaqla Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən təyin olunur. Direktor peşə təhsili müəssisəsinin cari fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşıyır. Pedaqoji Şuranın qarşısında elm və tədris məsələlərinə dair, Himayəçilər Şurasının (yaradıldıqda) qarşısında peşə təhsili müəssisəsinin cari fəaliyyətinə dair hesabatlar verir;

Peşə təhsili müəssisəsinə qəbul məhkəmənin qərarı əsasında yerli icra hakimiyyəti orqanları yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın göndərişinə müvafiq olaraq peşə təhsili müəssisəsi tərəfindən həyata keçirilir. Peşə təhsili müəssisəsi bilavasitə mənfəət əldə etmək məqsədi güdmür. Peşə təhsili müəssisəsi sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. Sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə peşə təhsili müəssisəsi Təhsil Nazirliyinin razılığı ilə təsərrüfat cəmiyyətləri yaradır və ya onlarda iştirak edir. Peşə təhsili müəssisəsinin büdcədənkənar mənbələrdən daxil olan vəsaitləri hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir. Peşə təhsili müəssisəsində təhsilalanlar Nazirlik tərəfindən yemək, paltar, ayaqqabı ilə təmin edilirlər. Peşə təhsili müəssisəsində dövlət hesabına göstərilən xidmətlərin dəyəri Nazirlər Kabinetinin təsdiq etdiyi maliyyə normativləri ilə müəyyən edilir. Peşə təhsili müəssisəsinin fəaliyyətinə nəzarəti Nazirlik və Agentlik, həmçinin nizamnaməsi ilə müəyyən edilmiş qaydada müəssisənin idarəetmə orqanları həyata keçirirlər. Peşə təhsili müəssisəsinin fəaliyyətinə dair illik hesabat Agentliyə təqdim edilir.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR