Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.
ONA-nın xəbərinə görə, birgə məlumatda bildirilir ki, Kliniki Tibbi Mərkəzin məlumatına əsasən, fevralın 11-i üçün yoluxucu xəstəliklər şöbəsində 1 nəfər qalıb.
Xəstəxanada qalan Azərbaycan vətəndaşıdır səhhətində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir: "Bir daha qeyd edirik ki, bu adam Çinin koronavirus qeydə alınmayan şəhərində olub. Onun xəstə şəxslərlə kontaktı olmayıb.
Xəstəlik alovlanan ərazidən gələn 12 nəfər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Həmin tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, Çinin Uhan şəhərindən yanvarın 29-u çıxan 6 nəfərin karantin müddəti fevralın 12-si bitir. Onların klinik vəziyyətlərində heç bir problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir. Sabah həmin şəxslərin evə buraxılacağı gözlənilir. Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılan digər 6 nəfərin karantin müddəti fevralın 14-ü bitir, onların səhhətində də hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar".