• SOSİAL

    18:19 27 mart 2019

Deputat: "Əmlakı yanmış şəxsləri “sığorta pulu veriləcək”, “dövlət zərəri qarşılayacaq” fikirləri ilə çaşdırmaq yolverilməzdir"

"Dünən Bakının Nizami rayonu ərazisində yerləşən “Diqlas” Ticarət Mərkəzində yanğının baş verməsinə görə təəssüflənirəm. Təəssüf ki, bu yanğın nəticəsində kiçik sahibkarlıqla məşğul olan şəxslərə böyük zərər dəyib".

Bunu ONA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas deputat Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, yanğından sonra bəzi mətbuat orqanlarında “heç kəs yanan mallarına görə sığorta pulu ala bilmir” başlığı ilə yayımlanan yazılara rast gəlib: "Bunun üzərində sanki siyasi gedişlər etməklə müəyyən şəxslər öz maraqlarını, nüfuzlarını artırmaq üçün qanunazidd fikirlər səsləndirməklə cəmiyyətdə çaşqınlıq yaradırlar”.

Deputat bildirib ki, Azərbaycanda daşınmaz əmlakın sığortası icbaridir: “Bu baxımdan hesab edirəm ki, “Diqlas” Ticarət Mərkəzi daşınmaz əmlak kimi sığortalanıb. Bəs həmin ticarət mərkəzində sahibkarlıqla məşğul olan şəxslər öz əmlaklarını sığortalayıblarmı? Belə hesab edirəm ki, sığortalamayıblar. Ona görə əminliklə deyirəm ki, bizdə hələ sığorta mədəniyyəti kifayət qədər inkişaf etməyib. Çünki vətəndaşlar öz əmlaklarını sığortalamaqda maraqlı deyillər. Hətta icbari sığorta siyahısına salınan daşınar və daşınmaz əmlaklar var ki, vətəndaşlar onların sığortalanmasından yayınırlar. Konkret olaraq “Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı onu deyə bilərəm ki, dünyanın hər hansı bir ölkəsində əmlakın sığortalanması olmayıbsa, bu cür hadisələr zamanı hər hansı sığorta əməliyyatı həyata keçirilə bilməz. Ona görə də həmin ticarət mərkəzində əmlakı yanmış şəxsləri “sığorta pulu veriləcək”, “dövlət həmin zərəri qarşılayacaq” fikirləri ilə çaşdırmaq yolverilməzdir. Dünyada baş verən təbii hadisələr, yanğınlar nəticəsində minlərlə insan yaşadıqları yerdən başqa ərazilərə köçürülürlər. Bu zaman isə sığorta edilməyən əmlaka görə dövlət həmin şəxslərə vəsait vermir. Dövlət, sadəcə, müəyyən tibbi yardımlar, təhlükəsizlik tədbirləri, qurumların operativliyinin təmin edilməsini həyata keçirir. Biz hüquqi dövlətdə yaşayırıq. İnsanlar öz üzərlərinə düşən məsuliyyəti hazırkı durumda sanki dövlətə yönəltməklə dəyən zərərə görə pul tələb edirlər. Bu da hüquqi baxımdan yolverilməzdir və başadüşülən deyil”.

Ç.Qənizadə bildirib ki, “Diqlas” Ticarət Mərkəzinin sahibləri ilə orada fəaliyyət göstərən xırda ticarətlə məşğul olan şəxslər arasında hansı müqavilələrin bağlanması yaxın günlərdə aydınlaşacaq: “Bundan sonra isə həmin müqavilələr zamanı baş verə biləcək bu cür hadisələrdə kimin məsuliyyət daşıması aydın olacaq. Əgər həmin müqavilələrdə hər hansı "fors-major" hadisələr zamanı “Diqlas” Ticarət Mərkəzinin məsuliyyəti üzərinə götürməsi ilə bağlı məqam olarsa, bu zaman dəymiş ziyanın ödənilməsi ilə bağlı iddialar ticarət mərkəzinin özünə yönəlməlidir. Azərbaycanda obyekt sahibləri heç zaman icarəyə verdiyi yerlərlə bağlı "fors-major" məqamları müqavilənin şərtlərinə daxil etmir. Hesab edirəm ki, vətəndaşların “Diqlas” Ticarət Mərkəzi ilə bağladığı müqavilələrdə də bu boşluqlar var”.

Deputat qeyd edib ki, vətəndaşlar onlara yaradılan şəraitin yanğın təhlükəsizliyinə zidd olması və dəymiş zərərlə bağlı “Diqlas” Ticarət Mərkəzinə hansısa iddialar yönəldə bilərlər: “Bu iddialara isə məhkəmə qərar verə bilər”.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR