“Coca-Cola Fondu”nun dəstəyi ilə həyata keçirilən “New Generation” layihəsində 2018-2019-cu illərdə 2000-dən artıq sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənclər iştirak edir. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) tərəfindən icra edilən və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənən layihə 2012-ci ildən etibarən fəaliyyət göstərən “Youth Inc.” Proqramı çərçivəsində həyata keçirilib.
“New Generation” layihəsi yeni nəsil sahibkar gənclərin hazırlanması, xüsusilə də qadınların biznes sahəsindəki fəallığını artırmağı və e-kommersiya sahəsinin inkişafını qarşısına vəzifə qoyur. Belə ki, Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Qazax kimi Azərbaycanın iqtisadi regionlarını əhatə edən layihə müddətində ümumi iştirakçıların 71.6 %-i qadınlardan ibarət olub.
4 mərhələdən ibarət olan “New Generation” layihəsinin birinci mərhələsini uğurla keçən gənclər növbəti mərhələdə biznesin inkişafı və müxtəlif sahibkarlıq fəaliyyətinə aid intensiv təlim proqramlarında iştirak ediblər.
Layihə müddətində gənc sahibkarların yetişdirilməsi və onların sahibkarlıq fəaliyyətinin uğurlu olması üçün “Sahibkarlıq”, “Rəqəmsal Marketinq”, “İdeya Generasiyası”, “Satış”, “Marketinq”, “Biznes Model Kətan”, “Vergi və Hüquq”, “Brendinq” kimi bir çox təlim və seminarlar keçirilib. Eyni zamanda, sahibkarlıq fəaliyyətinə başlamaq istəyən iştirakçılarla biznes sahəsində Azərbaycanın tanınmış şirkətlərini təmsil edən mentorlar arasında fərdi seminarlar da baş tutub.
Layihənin üç mərhələsini geridə qoymuş gənc sahibkarlar isə öz biznes layihələrini “New Generation: Pitch Day” adlanan sonuncu - investisiya mərhələsində təcrübəli biznes rəhbərləri qarşısında təqdim ediblər. Münsiflər heyəti ən uğurlu layihələri maliyyələşmə məqsədi ilə nəzərdən keçirəcək.
Qeyd edək ki, “Coca-Cola Fondu” tərəfindən dəstəklənən “Youth Inc.” Proqramında 2012-ci ildən bu günədək 10.300-dən çox gənc iştirak edib.