Cocuq Mərcanlıda bal emalı üzrə mobil emalatxana və kənd məhsullarının mobil satışı məntəqəsi istifadəyə verilib.
ONA-nın Qarabağ bürosunun məlumatına görə, İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış arıçılıq təsərrüfatlarında istehsal edilən məhsulların emalı və qablaşdırılması üçün mobil emalatxana, kənd məhsullarının satışı üçün mobil satış məntəqəsi istifadəyə verilib.
Bununla əlaqədar Cocuq Mərcanlıda İqtisadiyyat Nazirliyinin, Türkiyənin Azərbaycandakı səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin nümayəndələri Cocuq Mərcanlıya səfər edib.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov arıçılıq təsərrüfatlarında istehsal olunan məhsulun bu gün istifadəyə verilən bal emalı üzrə mobil emalatxanada emal olunaraq qablaşdırılacağını və “Cocuq Mərcanlı” brendi ilə satışa çıxarılacağını, məhsulların mobil satış məntəqəsində isə satışının həyata keçiriləcəyini bildirib.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov ONA-ya açıqlamasında bildirib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sifarişi ilə hazırlanmış və bu gün istifadəyə verilən bal emalı üzrə mobil emalatxananın Cocuq Mərcanlıdakı və yaxın kəndlərdəki arıçılıq təsərrüfatlarına xidmət göstərəcəyini və Cocuq Mərcanlıda fəaliyyət göstərən sahibkarların bundan sonra da dəstək xidmətləri ilə tam əhatə olunacağını bildirib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin İdarə Heyətinin sədri Hüseyn Büyükfırat Türkiyə-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini, Cocuq Mərcanlıda birgə icra olunan layihələrin bölgədə kənd təsərrüfatının inkişafında əhəmiyyətini vurğulayıblar.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxışında Cocuq Mərcanlıda həyata keçirilən layihələrin kəndin inkişafına və sakinlərin məşğulluğunun təmin edilməsinə mühüm töhfə olduğunu qeyd edib.
Tədbirdə iştirak edən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin nümayəndələri Cocuq Mərcanlıda həyata keçirilən layihələrə daim dəstək olacaqlarını bildiriblər.
Sonda tədbir iştirakçıları sahibkarların əl işlərindən və istehsal etdikləri məhsullardan ibarət sərgi ilə və inşası davam edən suvenir istehsalı müəssisəsi ilə tanış olublar.