Corat qəsəbəsini Sumqayıtın qürur rəmzi, tarixinin, mövcudluğunun əsas dayağı hesab edirlər.
İki min illik tarixi olan Corat tarixi abidələrlə zəngindir. Bu abidələrin içərisində hamamlar da var.
Burada olan iki hamamdan biri Köhnə hamam, digəri isə Təzə hamam adlanır.
Köhnə hamam dəniz qırağında yerləşir. Bu hamamın tarixi təxminən 6 əsr öncəyə gedib çıxır. Hamamın tikilməsində Əhliman adlı bir kişinin böyük rolu olub. Yerin altında, çöldən təxminən 1,50 sm hündürlükdə yerləşən hamamın kanalizasiya boruları saxsıdandır. Bura yaxınlıqda yerləşən Nəbi bulağının şirin, kükürdlü, müalicəvi əhəmiyyətli suyu ilə təmin edilib.
Zərgərlər Coratda kükürdlü su olduğunu bildiklərindən, nəinki coratlılara, hətta yaxın kəndlərin adamlarına da “qəlp” qızıl satmazlarmış, çünki bu suda “qəlp” qızılı müəyyən etmək olurmuş.
Təəssüf ki, Hacı Məcid hamamı kimi tanınan Köhnə hamam uzun müddətdir taleyin ümidinə buraxılıb.
Təzə hamam isə kənd içində məscidin yaxınlığında yerləşir. 300 ildən çox tarixi olan günbəz şəkilli bu hamam Hacı Əmrulla bəyin hamamı adlanır. Həmin hamamın yaşı təxminən 3 əsrdən çoxdur.
Tikili qəsəbənin içində, məscidin yaxınlığında yerləşir. Mazutla qızdırılan hamamdan istifadə edənlər 1 kq buğda və yaxud 2 çörək, 2 yumurta ödəyirdilər.
Bu hamam da 70 ildən çoxdur ki, baxımsız vəziyyətdədir, uçulub dağılır.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov ONA-ya açıqlamasında bildirib ki, hər iki hamam dövlət qeydiyyatına alınmayıb: "Monitorinqlər aparılır, həmin tarixi abidələr gələcəkdə dövlət qeydiyyatına alınacaq".
Gələcəkdə Corat qəsəbəsində yerləşən bu tarixi abidələrin əsaslı təmiri və ya bərpası işlərinin aparılması reallaşarsa, ölkəmizə təşrif buyuran turistlərin də sözügedən ərazidəki tarixi memarlıq abidələrinə marağı artar.
Ramil Zeynallı