• SOSİAL

    15:07 13 mart 2019

Deputat: “Autizmdən əziyyət çəkən uşaqlar təhsildən kənarda qalıb”

“Azərbaycanda 6 minə yaxın autizmdən əziyyət çəkən uşaq var”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Sona Əliyeva bildirib.

S.Əliyeva deyib ki, “Xüsusi təhsil” haqqında qanunda autizmdən bəhs olunmur: “Autizmə ağırlıq dərəcəsinə görə 4 dərəcə daxildir. Bu uşaqlar necə təhsil almalıdır, xüsusi, yoxsa inklüziv təhsillə təmin olunmalıdır? Artıq autizmdən əziyyət çəkən uşaqlarla bağlı işi Təhsil Nazirliyi, yaxud Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi aparmalıdır. Azərbaycanda bu uşaqlarla bağlı reabilitasiya mərkəzi yoxdur. Bununla bağlı dövlət orqanlarının düşünməsinə ehtiyac var. Dünyada aparılan statistika göstərir ki, gələcəkdə hər 10 uşaqdan 3-ü autizmdən əziyyət çəkəcək. Hazırda ABŞ-da hər 150 uşaqdan 1-i, Böyük Britaniyada hər 100 uşaqdan biri autizmdən əziyyət çəkir”.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib ki, bu 6 min uşağın hamısı təhsildən kənarda qalmır: “Təhsildən kənarda qalanlar onların onda biri qədərdir. İnklüziv təhsilin bütün formalarına dövlət tərəfindən təminat verilir. İkincisi, bu gün komitədə müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanunda evdə təhsillə bağlı müddəalar var. Burada problem qanunda yox, işin təşkili ilə bağlı müəyyən maneələrdədir. Azərbaycanda inklüziv və evdə təhsil yolu ilə bu uşaqların təhsil problemini həll etmək olar. Bunu sadəcə, məsuliyyətlə həyata keçirmək lazımdır”.

Daha sonra komitədə müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanun layihəsi üçüncü oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR