• SOSİAL

    12:30 29 mart 2020

DİN vətəndaşların qeydiyyat yeri üzrə şəhər və rayonlara qayıtmaları ilə bağlı məsələyə aydınlıq gətirib

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların qeydiyyat yerində olan şəhər və rayonlara qayıtmaları ilə bağlı məsələyə aydınlıq gətirib.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, əgər vətəndaş xüsusi karantin rejimindən əvvəl qeydiyyatda olduğu rayon və şəhərdən başqa bir rayon və ya şəhərə səfər edibsə, onun geri qayıtmasında heç bir problem yoxdur.

Şəhər və rayonlararası postlarda həmin vətəndaşların qeydiyyat yerinə qayıtmasına icazə veriləcək.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə martın 29-u saat 00:00-dan etibarən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilib.

Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılıb. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.

Nəqliyyat vasitələri üzrə:

Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib.

Ticarət obyektləri üzrə:

Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılsın, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilib.

İctimai iaşə obyektləri üzrə:

Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılıb və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilib.

Əhalinin hərəkəti üzrə:

Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR