• SOSİAL

    15:37 5 noyabr 2020

Dil normalarını pozan KİV cərimələnəcək

“Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən Azərbaycan məkanında fəaliyyət göstərən bütün saytlar monitorinqlərə cəlb olunub".

Bunu APA-ya Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva deyib. O bildirib ki, fəaliyyət göstərən istər ciddi, istərsə də köməkçi saytlar monitorinqlərə cəlb edilib: “Hazırda monitorinqlər davam edir. Saytlar bitdikdən sonra televiziyaların monitorinqinə başlayacağıq. Monitorinqlərdən sonra ciddi qüsurları statistika ilə göstərəcəyik. Bütün nəticələr hesabatlarda əksini tapacaq. Hesabatlar çap olunacaq və ictimaiyyətə açıqlanacaq”.

S.Əliyeva 15 günlük monitorinq nəticələri barədə danışıb: “15 günlük monitorinqlərin nəticələrinə əsasən, bütün saytlarda, istər aparıcı, istər ikinci dərəcəli saytlarda pozuntular var. Təbii ki, aparıcı saytlarda pozuntular azdır. Amma yenə də bütün səviyyələrdə dil normalarından kənara çıxmalar var. Ən ciddi məsələ odur ki, bir xəbər saytı heç bir cümləyə, sözə müdaxilə etmədən başqa saytdan götürdüyü xəbəri olduğu kimi yerləşdirir. Bu, xəbəri yazan saytın da, xəbəri götürüb yerləşdirən saytın da qüsurudur. Təbii ki, burada operativlik əsas şərt daşıyır. Amma bizi narahat edən məsələ bütün sahələrdə operativlikdən asılı olmayaraq Azərbaycan dilinin düzgün tətbiqidir. Nəticə olaraq məlumatın Azərbaycan dilində düzgün çatdırılmasıdır. Bütün sayt rəhbərlərinə, işçilərinə deyirəm ki, ciddi yanaşsınlar. Dilimiz dövlət siyasətinin böyük bir hissəsini təşkil edir”.

Direktor qeyd edib ki, monitorinqlərə 70-ə yaxın sayt cəlb olunub: “Məqsədimiz hansısa saytı saytın işçisinin adını çəkməklə gündəmə gətirmək deyil. Məqsədimiz dilimizin saflığını qorumaqdır. Nəticələrə əsasən, ciddi qüsurlar aşkarlanan saytlara xəbərdarlıq olunacaq. Növbəti monitorinqlərdə ikinci xəbərdarlıq ediləcək. Üçüncü dəfə isə cərimələrin tətbiqi ilə bağlı düşünə bilərik”.

S. Əliyeva bildirib ki, ölkə Prezidentinin sərəncamı ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nəzarət mexanizmində cərimələrin tətbiqi nəzərdə tutulub. Bununla bağlı Milli Məclisdə müzakirələr gedib: “Son iclasda cərimələrin tətbiqinin zəruriliyini biz əsaslandırdıq. Monitorinq şöbəsi olaraq biz monitorinqlər aparırdıq, ciddi araşdırmalar gedirdi, ciddi pozuntular aşkarlanırdı, amma yalnız tövsiyə mexanizmi var idi. Bu isə sanki bir rahatlıq, arxayınlıq yaradırdı. Bu, insanın öz peşəsinə olan məsuliyyət məsələsidir. Televiziya aparıcılarının bir qismi nəticə çıxarır, hətta onların adları müəyyən hesabatlarda əks olunur. Dilin lüğət tərkibinin zənginliyindən xəbəri, geniş söz ehtiyatı olmayan aparıcı təbii ki, təkrarlara yol verir. Müxtəlif səviyyələrdə dilin normaları pozulur. Fonetik səviyyə bir problemdir, yəni, düzgün tələffüz qaydaları, vurğunun düzgün qoyulması, intonasiya məsələsini biz həmişə deyirik. Amma bizi narahat edən məsələ, ölkə Prezidentinin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan dilində qarşılığı olan, amma başqa dillərdən yersiz alınmaların istifadəsidir. Əsas pozuntulardan biri də dilin sabit konstruksiya olan sintaktik quruluşunun pozulmasıdır”.

Direktor vurğulayıb ki, sintaktik konstruksiya dilin ən sabit, dəyişməz konstruksiyasıdır: “Təmzimlənən bütün dillərdə bu, belədir. Amma çox təəssüf ki, rus, ingilis dilində düşünən, danışan, bunu artıq peşəkarlıq hesab edən aparıcılarımız Azərbaycan dilinin sintaktik konstruksiyasını pozurlar. Bu, Azərbaycan dilinin saflığının qorunması istiqamətində aparılan bütün tədbirlərə ciddi zərərverən, hətta qarşısında ciddi baryer kimi dayanan məsələdir”.

S. Əliyevanın sözlərinə görə, cərimələr birbaşa ola bilməz: “İlk növbədə xəbərdarlıq olmalıdır. Təklif edəndə də bildirmişdik ki, 2 dəfə xəbərdarlıqdan sonra cərimələr olsun. Hələ iki il əvvəl AMEA-nın Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu bu barədə müsahibə verəndə birmənalı qarşılanmadı. Ziddiyyətli fikirlərin şahidi olduq. Burada məqsəd odur ki, cərimələrlə dilimizi qoruyaq. Cərimələr şərti səciyyə daşıyır. Hətta məbləğin həcmi belə bizi maraqlandırmır. Düşünürəm ki, hər hansı aparıcı dəfələrlə eyni qüsurla bizim dilimizi korlayırsa, yaxşı nümunə ola bilmirsə, həmin aparıcının çalışdığı qurumu cərimə etmək lazımdır. Bu, artıq digər qurumlardakı aparıcılara nümunə olmalıdır. Düşünməlidir ki, Azərbaycan dilində düzgün danışa billmirəmsə, necə aparıcılıq edə bilərəm? Məsələn, biz təhlükəsizlik kəmərini bəlkə də cərimə ödəməməyə görə taxırıq. Təhlükəsizliyimizi düşünmürük. 10 illik təcrübədən sonra bu qərara gəlmişik ki, cərimələrin tətbiqi zəruridir.

Bu dəqiqə cərimələrin tətbiqi ilə məşğul olmaq fikrində deyilik. Cərimələrə gəlincə, dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər üçün yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üçün üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslər üçün beş yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulur”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR