• SOSİAL

    10:48 8 may 2019

DİM Azərbaycan dili imtahanında iştirak etməyənlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 5-də "Azərbaycan dili" imtahanında iştirak etməyən və ya "qeyri-məqbul" qiymət alan abituriyentlərə müraciət edib.

DİM-dən ONA-ya verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin mayın 5-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər mayın 8-dən 14-dək qeydiyyatdan keçməklə (ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün qeydiyyat linki, 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün qeydiyyat linki) mayın 26-da keçiriləcək ikinci “Azərbaycan dili” imtahanında iştirak etməlidirlər.

Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (10 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

“Azərbaycan dili” fənni üzrə ikinci imtahan mayın 26-da Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Mayın 5-də keçirilən imtahanda iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan cari ilin 9-cu və 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların birinci imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.

Qeyd olunub ki, imtahanda abituriyentlərə 30 test tapşırığı təqdim edilir.

Cari ilin (9 və 11-ci sinif) məzunlarının imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100 baldır. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar və onlar müsabiqəyə buraxılırlar.

Əvvəlki illərin məzunları olan abituriyentlərin imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR