• SOSİAL

    16:12 28 aprel 2019

Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib - YENİLƏNİB

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən əvvəlki illərin məzunları üçün I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirib.

DİM-dən ONA-ya verilən məlumata görə, imtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli, uşaq serebral iflic, dayaq-hərəkət aparatı xəstəlikləri) 30-dan çox abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, hər bir iştirakçının ehtiyacına uyğun tədbirlər (bina və ya zala daxil olmada kömək göstərmək, test tapşırıqlarını oxumaq, cavab vərəqini doldurmaq və s.) görülməklə müxtəlif sual kitabçaları hazırlanıb, I qrup gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunub.

Bu gün 20325 abituriyentin imtahan verəcəyi nəzərdə tutulub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Aprelin 29-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. Yazı işləri (açıq tipli tapşırıqların cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Hər bir yazı işi əvvəlcə “scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir.

Bundan əlavə, imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmır.

İmtahanda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yay qəbul imtahanları keçirilənədək elan olunması nəzərdə tutulur.

***

saat 07.00

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək.

Mərkəzdən ONA-ya verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

DİM tərəfindən bu gün keçiriləcək imtahanlar aşağıdakılardır:

– ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;

– ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları;

– ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları;

– Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları;

– xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları;

– üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları;

– əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçiriləcək.

İmtahanlar bütün binalarda eyni vaxtda saat 11:00-da başlanır.

İmtahanda 20180 (Bakıda 9435, Naxçıvanda 985, Gəncədə 2608, Şəkidə 1037, Bərdədə 1339, Göyçayda 848, Şirvanda 1308, Lənkəranda 1565, Xaçmazda 1055) nəfərin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 44 ümumi imtahan rəhbəri, 145 imtahan rəhbəri, 1665 nəzarətçi-müəllim, 44 bina nümayəndəsi ayrılıb.

I, II, III və IV qruplar üzrə qəbul imtahanında iştirak etmək istəyən əvvəlki illərin məzunlarının nəzərinə çatdırırıq ki, onlar mütləq bu gün keçiriləcək qəbul imtahanının birinci mərhələsində iştirak etməlidirlər. Bu imtahanda iştirak etməyənlər qəbul imtahanının ikinci mərhələsinə buraxılmayacaqlar.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR