Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2019-cu ilin I rübü ərzində 13 dövlət orqanına ehtiyat kadrlarla bağlı məlumatlar təqdim edilib.
ONA-nın xəbərinə görə, bu “Dövlət qulluğu” jurnalının 2-ci nömrəsində öz əksini tapıb.
Bildirilib ki, Vergilər Nazirliyi, Dövlət Turizm Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təqdim edilmiş məlumat sayına görə dövlət orqanları arasında üstünlük təşkil edirlər: “Hesabat dövrü ərzində 43 ehtiyat kadr 13 dövlət orqanında müvafiq vakant vəzifələrə təyin ediliblər. Dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqələrdə uğur əldə edərək ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslər arasında dövlət qulluğu vəzifələrinə təyinat daha yüksəkdir. Belə ki, qeyd olunan əsasla ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslərdən 21 nəfər (48.8 faiz) müxtəlif dövlət orqanlarında vakant vəzifələrə təyin ediliblər. Ehtiyat kadrlar siyahısından vakant vəzifələrə təyinat aparan dövlət orqanları arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (8 nəfər), Dövlət Statistika Komitəsi (8 nəfər) və Əqli Mülkiyyət Agentliyi (6 nəfər) üstünlük təşkil edirlər”.
Qeyd olunub ki, ehtiyat kadrlar siyahısından vakant vəzifələrə təyin edilən şəxslər arasında yaşı 20-24 yaş və 30-34 yaş arasında olan ehtiyat kadrlar üstünlük təşkil edirlər: “Məlumatlara diqqət etdikdə, ehtiyat kadrların vəzifəyə təyinatlarının onların yaşları ilə tərs mütənasiblik təşkil etdiyini, dövlət orqanlarının gənc və orta yaşlı ehtiyat kadrların vəzifəyə təyinatında daha çox maraqlı olduğunu müşahidə etmək olur. Vakant vəzifələrə təyin edilən ehtiyat kadrlar arasında kişilər üstünlük təşkil edir”.