“Tarif Şurasının 2017-ci il 23 may tarixli 5 nömrəli qərarı ilə dövlət qulluğuna qəbul məqsədi ilə keçirilən test imtahanlarında iştirakla bağlı tariflər təsdiq edilərkən qiymətlərdə əlavə dəyər vergisi nəzərə alınmayıb. Həmin müddətdən bu vaxtadək Dövlət İmtahan Mərkəzi (DİM) Mərkəzin göstərdiyi xidmətlərin ƏDV-dən azad olunması ilə bağlı aidiyyəti qurumlarla yazışmalar aparıb, son nəticədə müvafiq qanunvericiliyə əsasən, təhsil xidmətlərinin ƏDV-dən azad olunması, dövlət qulluğu ilə bağlı imtahan qiymətlərinə isə ƏDV-nin tətbiq edilməsi nəzərdə tutulub”.
Bu barədə ONA-ya DİM-dən bildirilib.
Qeyd edilib ki, cari ilin mart ayından DİM ƏDV ödəyicisi kimi qeydiyyatdan keçib: “Ona görə də 2019-cu il aprelin 1-dən dövlət qulluğu üzrə imtahanların tarif qiymətlərinə ƏDV tətbiq ediləcək. Təsdiq edilmiş tariflərə ƏDV əlavə olunarkən bəzi qiymətlər manat və qəpik hissələrindən ibarət olur. Hazırda ödəmə prosedurlarını həyata keçirən mövcud proqram təminatlarının və müvafiq məlumat bazalarının texniki məhdudiyyətlərini (ödənişin qəpiklə aparılmasının qeyri-mümkün olmasını) nəzərə alaraq qərara alınıb ki, müvəqqəti olaraq, DİM-in proqram təminatı və məlumat bazalarında müvafiq təkmilləşdirmə işləri başa çatanadək qəpik hissə ilə bağlı ödənişlər tam ədədə qədər azaldılıb. Aprelin 1-dən dövlət qulluğu üzrə imtahanların qiyməti vəzifə qrupları üzrə aşağıdakı kimi təsdiq edilib:
AA - 129 AZN
AB - 118 AZN
AC - 106 AZN
BA - 94 AZN
BB - 82 AZN”
Qeyd edək ki, Tarif (Qiymət) Şurasının qərarına əsasən, indiyə qədər qiymətlər aşağıdakı kimi olub:
AA - 110 AZN
AB - 100 AZN
AC - 90 AZN
BA - 80 AZN
BB - 70 AZN