"Hökuməti tənqid etməzdən əvvəl heç olmazsa, Nazirlər Kabineti tərəfindən 2019-2020-ci tədris ili üçün təsdiq olunmuş dövlət sifarişi üzrə proqnozla tanış olun. Dövlət sifarişi üzrə yerlərin sayı bu il ötən illə müqayisədə 12 mindən 20 minədək artıb. Yəni bu il dövlət sifarişi əsasında təhsil almaq imkanını əldə edən abituriyentlərin sayı 8 min nəfər çox olacaq".
ONA-nın xəbərinə görə, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, dövlət sifarişi əsasında qəbul aparılan yerlər üzrə müsabiqə şərtləri keçən ilə nisbətən liberallaşdırılıb: "Bu şərtlər ümumi müsabiqəyə buraxılma şərtlərindən fərqlənmir, keçən ilə nisbətən isə 50-100 bal aşağı salınıb. İndi deyin, kim gənclərin taleyini düşünür? İmtahan modelini dəyişməklə DİM hansı gizli məqsədləri güdür? Bunlar, əlbəttə, ritorik suallardır. Lakin biz ruhdan düşmürük. Bu il 22-27 sentyabrda Bakıda artıq ikinci dəfə Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın (IAEA - International Association for Educational Assessment) "Qiymətləndirmə və qərar qəbuletmə: fərdi və institusional həll yolları" mövzusunda konfransı keçiriləcək. 45 ölkədən 169 elmi mühazirə qeydə alınıb. Azərbaycandan 14 nəfər qeydiyyatdan keçib.
Müqayisə üçün deyək ki, Böyük Britaniya və ABŞ-dan müvafiq olaraq 17 və 11 nəfər qeydiyyatdan keçib. İştirakçıların sayını müqayisə edin. Bəs ölkədə təhsilin keyfiyyətinə can yandıran öz mütəxəssislərimiz haradadırlar? Konfransda iştirak üçün qeydiyyat davam edir. Bütün arzu edənləri işimizin keyfiyyətini müzakirə etməyə, ən əsası isə təhsil sisteminin inkişafı üçün hazır reseptə malik olanları vaxt tapıb beynəlxalq elmi-praktik konfransda iştirak etməyə dəvət edirik. Həm də İsveçrə saatının işini də müzakirə edərik".