Dövlət İmtahan Mərkəzi (DİM) subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbulu ilə bağlı məlumat yayıb.
ONA-nın DİM-ə istinadən verdiyi xəbərə görə, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni zamanda ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər.
Bildirilib ki, subbakalavrlar ixtisas seçimində DİM-in müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə iştirak edəcəklər: “Yəni I, II, III və IV ixtisas qruplarının biri üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 200 balla, V qrup üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 60 balla ixtisas seçimində iştirak edəcək. Xüsusi qabiliyyət tələb edən ixtisasları seçmək istəyən subbakalavrlar qəbul imtahanı verən abituriyentlər kimi seçdikləri komissiya üzrə ümumi qaydada qeydiyyatdan keçib qabiliyyət imtahanlarında iştirak edib məqbul qiymət almalıdırlar. İxtisas seçimi zamanı eyni yerə biri abituriyent digəri subbakalavr olmaqla iki nəfər iddia edərsə, bu zaman həmin yerə abituriyent qəbul olunacaq. Ancaq bir yerə iki subbakalavr iddia edərsə, o zaman aşağıdakı ardıcıllıqla qeyd olunan meyarlar üzrə göstərciləri daha yüksək olan subbakalavra üstünlük veriləcək: Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası”.
Qeyd olunub ki, subbakalavrlar ali təhsil müəssisələrinin ixtisaslarını seçərkən tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçə bilərlər: “Ali təhsil müəssisəsinə imtahansız qəbul olmaq istəyən subbakalavrlar ümumi qaydada qəbul imtahanlarında da iştirak edə bilərlər. Cari ildə qəbul imtahanında iştirak etmiş subbakalavrlar öz seçimindən asılı olaraq, imtahanda topladığı bal ilə və ya DİM-in müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə müsabiqədə iştirak edə bilər. İxtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcək və ictimaiyyətə elan olunacaq. Sənəd qəbulu barədə ətraflı məlumat veriləcək”.