Şirvan Regional Hemofiliya Mərkəzi 9 rayondakı xəstələrə xidmət göstərir. Bu rayonlara Şirvan, Salyan, Sabirabad, Neftçala, Saatlı, İmişli, Beyləqan, Hacıqabul və Kürdəmir rayonları aiddir.
ONA xəbər verir ki, bunu "Azərbaycanda hemofiliya: problemlə necə mübarizə aparmalı?" mövzusunda keçirilən mətbuat konfransında Şirvan Regional Hemofiliya Mərkəzinin rəhbəri Təranə Cəlilova deyib.
O bildirib ki, 9 rayon üzrə 186 xəstə var: “Onlardan 135 nəfərində hemofiliya A, 11-də hemofiliya B, 30-da isə Villebrand xəstəliyi var. Bir xəstədə 12-ci faktor, birində 10, bir xəstədə isə həm 5, həm 8-ci faktorun defisiti var”.
T.Cəlilova deyib ki, xəstəliyə ən çox İmişli və Beyləqan rayonlarında təsadüf edilir: "Mərkəzimizdə tam ixtisaslaşmış həkim briqadası var. Mərkəzimizin problemi faktor çatışmazlığı ilə əlaqədardır ki, xəstələrə yalnız ambulator yardım göstərə bilirik. Dərmanlar bizim Mərkəzə də verilsəydi, fəaliyyətimiz daha da genişlənərdi".