Dövlət Miqrasiya Xidməti (DMX) Almaniyanın aralarında azərbaycanlı sığınacaq axtaranların da olduğu 4000-dən çox şəxsi ölkədən çıxaracağı ilə bağlı məsələyə münasibət bildirib.
Xidmətin rəisi Vüsal Hüseynov APA-nın sorğusuna cavab olaraq bildirib ki, Dövlət Miqrasiya Xidməti Avropa İttifaqına üzv dövlətlərlə readmissiya sazişləri çərçivəsində həmin şəxslərin geri qaytarılması prosesində iştirak edir: “Biz bu cür şəxsləri qəbul edirik. Ancaq mövcud pandemiya ilə bağlı sərhədlər bağlandığından bütün həmkar qrupları məlumatlandırmışıq ki, bu dönəmdə şəxslərin geri qaytarılması həyata keçirilməyəcək. Martın 15-16-dan başlayaraq heç bir dövlətdən Azərbaycana belə şəxslər qaytarılmayıb, eyni zamanda Azərbaycandan kənara da bu kateqoriyalı şəxslərin çıxarılmasını həyata keçirməmişik. Amma bu dönəmdə geri qaytarılması nəzərdə tutulan şəxslərlə bağlı mütəmadi Dövləq Miqrasiya Xidmətinə məlumatlar daxil olub. Biz də həmin şəxsləri geri qəbul edəcəyimizlə bağlı təsdiq məlumatları vermişik.
Bu prosesin sənədləşmə, əlavə kommunikasiya tərəfi gedib. Sadəcə bizdə hazırda qarşı tərəfdən heç bir məlumat yoxdur ki, konkret hansı tarixdə bu şəxslərin geri qaytarılması həyata keçiriləcək. Qeyd edim ki, çoxsaylı şəxslərlə bağlı DMX-ya bu cür sorğular gəlir, təsdiq cavabı qarşı tərəfə gedir. Gözlənilir ki, gediş-gəliş bərpa olunduqdan sonra belə şəxslərin geri qayıdışı prosesi davam edəcək. Biz bu şəxslərin Azərbaycan vətəndaşı olduğunu təsdiq etmişik və qeyd etmişik ki, bu şəxslər geri qaytarılsa, qəbul edəcəyik. Burada hələ ki, nə qədər şəxsdən söhbət getdiyi dəqiq bilinmir”.
V.Hüseynov qeyd edib ki, bu ilin əvvəlindən pandemiyaya qədər olan dövrdə Azərbaycana 2 dəfə çarter reysi ilə belə şəxslərin geri qaytarılması baş verib.