Nazirlər Kabineti “DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsini təsdiqləyib.
ONA-nın məlumatına görə, bu Nümunəvi Nizamnamə hər bir “DOST” mərkəzinin fərdi nizamnaməsinin hazırlanmasında əsas hesab olunur.
Mərkəz ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin göstərilməsini təmin edən publik hüquqi şəxsdir. Mərkəz “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin strukturunda yaradılır. Mərkəz “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusu əldə edir. Mərkəzin hüquq qabiliyyətinə onun fəaliyyətinin başa çatdığı an xitam verilir.
Mərkəz “Publik hüquqi şəxslər haqqında” qanuna uyğun olaraq öz Nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Mərkəzin fəaliyyətinin məqsədi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- müvafiq sahədə xidmətlərin “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsi;
- müvafiq sahədə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi və təkmilləşdirilməsi, habelə innovasiyaların tətbiqi.
Mərkəzin Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri aşağıdakılardır:
- müvafiq sahədə xidmətləri “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında Nazirlik, Nazirliyin aidiyyəti qurumları, Agentlik və digər mərkəzlərlə əlaqəli şəkildə həyata keçirmək;
- fəaliyyətinə dair təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq və Agentliyə təqdim etmək;
- sosial müdafiəyə və sosial təminata ehtiyacı olan şəxslər arasında sorğular keçirmək, onların problemlərini öyrənmək, hüquqlarının qorunması, ehtiyaclarının qarşılanması ilə bağlı Agentliyə təkliflər vermək;
- müvafiq sahədə göstərilən xidmətlərin tam elektronlaşmasını təmin etmək məqsədilə Agentliyə təkliflər vermək;
- Mərkəzdə göstərilən xidmətlə bağlı müraciət edildiyi vaxt müraciətə baxılması və həmin müraciətin nəticəsinin rəsmiləşdirilməsi mümkün olduğu hallarda, yerində qərar qəbul etmək;
- kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirmək;
- əməkdaşların əlavə təhsili və peşəkarlığının yüksəldilməsi, o cümlədən, Mərkəzdə vətəndaşlara xidmət göstərən əməkdaşlar üçün etik qaydalarla bağlı kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə və digər bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı Agentliyə təkliflər vermək;
- Mərkəzdə göstərilən xidmətlərin təkmilləşdirilməsi və müvafiq sahədə vətəndaşlara dəstək məqsədilə layihə və proqramların hazırlanmasına dair Agentliyə təkliflər vermək;
- Mərkəzdə göstərilən xidmətlərlə əlaqədar aidiyyəti normativ hüquqi aktlar barədə izahedici və məlumatlandırıcı yenilikləri Agentliyin razılığı ilə kütləvi informasiya vasitələri ilə mütəmadi olaraq operativ şəkildə əhaliyə təqdim etmək;
dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunmasını təmin etmək;
- Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görmək;
Mərkəzə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
- fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlara uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
- Mərkəzin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
- Mərkəzin Nizamnaməsi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Öz vəzifələrini yerinə yetirmək üçün Mərkəzin aşağıdakı hüquqları vardır:
Mərkəzin fəaliyyətinin səmərəli təşkili, o cümlədən Mərkəzdə göstərilən xidmətlərin siyahısının təkmilləşdirilməsi ilə bağlı Agentliyə təkliflər vermək;
- müvafiq sahədə normativ hüquqi aktların layihəsinin hazırlanmasına dair Agentliyə təkliflər vermək;
- müvafiq sahədə təlim, məsləhət, informasiya xidmətləri göstərmək;
Mərkəzdə müvafiq sahədə stimullaşdırıcı tədbirlərin və müsabiqələrin təşkili, qaliblərin mükafatlandırılması ilə bağlı Agentliyə təkliflər vermək;
- müvafiq sahədə xidmətlərin göstərilməsində innovasiyaların tətbiqi ilə əlaqədar Agentliyə təkliflər vermək, bu sahədə aidiyyəti dövlət orqanları (qurumları), hüquqi şəxslər, təhsil müəssisələri, elmi müəssisə və təşkilatlarla əməkdaşlıq etmək;
- vətəndaşlara (çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətlərin zəmanət verilmiş həcmi istisna olmaqla) müqavilə əsasında ödənişli xidmətlər, o cümlədən səyyar xidmətlər göstərmək;
- göstərilən xidmətlərin monitorinqini aparmaq, onların inkişaf etdirilməsi və təkmilləşdirilməsi ilə bağlı Agentliyə təkliflər vermək;
- Mərkəzin strukturunun təkmilləşdirilməsi, həmçinin fəaliyyətinə könüllülərin (xüsusən də gənc mütəxəssis və tələbələri) cəlb edilməsi və onların həvəsləndirilməsi üçün tədbirlərin görülməsi barədə Agentliyə təkliflər vermək;
- dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
- müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək barədə Agentliyə təkliflər vermək;
fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar, komissiyalar yaratmaq;
- əməkdaşlarının dövlət təltiflərinə və digər mükafatlara təqdim edilməsi, onların həvəsləndirilməsi üçün Agentliyə təkliflər vermək;
- Mərkəzin Nizamnaməsi ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
Mərkəz öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
Mərkəzin idarəetmə forması kimi təkbaşçı icra orqanı olan direktor müəyyən edilir.
Təsisçinin səlahiyyətlərini Mərkəzin nizamnaməsinin təsdiq olunmasına, nizamnamə fondunun miqdarının müəyyən edilməsinə, icra orqanlarının yaradılmasına və onların səlahiyyətlərinin müəyyənləşdirilməsinə, habelə yenidən təşkilinə və ləğvinə münasibətdə Nazirlik, digər məsələlərə münasibətdə Agentlik həyata keçirir. Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi direktor həyata keçirir. Mərkəzin direktoru Agentliyin Nizamnaməsi ilə müəyyən edilmiş qaydada Agentliyin İdarə Heyətinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
Direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini direktorun müavini həyata keçirir. Mərkəzin fəaliyyətinə nəzarəti Nazirlik, həmçinin Nizamnaməsi ilə müəyyən edilmiş qaydada Agentlik həyata keçirir. Mərkəz fəaliyyətinə dair illik hesabatı Agentliyə təqdim edir. Mərkəzin yenidən təşkili və ləğvi Nazirlik tərəfindən həyata keçirilir.