İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Orqan transplantasiyası haqqında” qanun layihəsinə dair təklifləri açıqlayıb.
ONA-nın məlumatına görə, bunu bu gün Agentliyin şöbə müdiri Şərafət İsmayılova Milli Məclisin Səhiyyə komitəsinin təşkilatçılığı ilə parlamentdə keçirilən orqan transplantasiyasına həsr olunmuş ictimai dinləmələr zamanı deyib.
Ş.İsmayılova bildirib ki, “Orqan transplantasiyası haqqında” qanun layihəsində orqan və toxuma köçürməsi aparan tibb müəssisələrinə lisenziya verilməsi əksini tapıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi orqan və toxumaların daşınması üzrə tibbi müəssisələrinə də lisenziya verilməsini təklif edir. Çünki bu da xüsusi hazırlıq tələb edir: “Orqan verən şəxslərin sonradan müalicə və reabilitasiyası da dövlət büdcəsi hesabına olmalı, bunun üçün büdcədə vəsaitin ayrılması nəzərdə tutulmalıdır”.
Səhiyyə komitəsinin sədri Ə.Əmiraslanov isə dövlət büdcəsindən bu məqsədlə vəsait ayrılmasını mümkün saymayıb: "Çünki sığortaolunanlar, hər kəs İcbari Tibbi Sığorta Agentliyinə vəsait köçürəcək. Büdcə elə sizdə olacaq. Ona görə dövlət büdcəsndən bu məqsədlə vəsait ayrılmasını gözləmək düzgün deyil. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vəsaitlərinin mühüm bir hissəsini orqan transplantasiyasına ayırmağı nəzərdə tutmalıdır. Agentlik hesab etməməlidir ki, ildə 5-6 transplantasiya ilə iş bitəcək. Bunu rəhbərliyinizin də nəzərinə çatdırın".