• SOSİAL

    12:03 24 fevral 2019

Kibercinayətkarlıqla mübarizədə dövlət özəl sektor və QHT-lərlə əməkdaşlıq edəcək

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası ölkədə kibercinayətkarlıqla mübarizə sahəsində özəl sektor və vətəndaş cəmiyyəti təşkilatlarını geniş əməkdaşlığa cəlb edəcək.

ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 21 fevral 2019-cu il tarixli fərmanı ilə təsdiqlənən İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamədə əksini tapıb.

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası informasiya təhlükəsizliyinin təminatı və kibercinayətkarlıqla mübarizə sahəsində qanunvericiliyin tələblərinin, eləcə də müvafiq beynəlxalq standartların dövlət qurumlarında, həmçinin ictimai əhəmiyyətli infrastrukturlarda tətbiq olunması vəziyyətini sorğular əsasında öyrənərək, mövcud uyğunsuzluqların aradan qaldırılması üçün təkliflər verməlidir.

Komissiyanın vəzifələri sırasına informasiya təhlükəsizliyi və kibercinayətkarlıqla mübarizə sahəsində ölkədə mütəxəssis resursu üzrə ehtiyacları araşdırmaq və bu sahədə təşkilati potensialı qiymətləndirmək, elmi, texniki və kadr potensialının genişləndirilməsi məqsədilə təkliflər hazırlamaq və müvafiq işləri əlaqələndirmək, kibertəhlükəsizlik və kriptologiya sahəsində elmi-texniki işlərə, səmərələşdiricilik, ixtiraçılıq və layihə-konstruktor işlərinə həsr olunmuş mövzular barədə təkliflərə, müraciətlərə baxmaq və münasibət bildirmək, habelə milli potensialın gücləndirilməsi üçün əlavə təklif və təşəbbüsləri toplayaraq təhlil etmək də daxildir.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR