• SOSİAL

    16:48 15 mart 2019

Elşad Mirinin “İslamda yoxdur” kitabının nəşrinə icazə verilməməsinin səbəbi açıqlanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilahiyyatçı Elşad Mirinin kitabının nəşrini məqsədəmüvafiq saymamasına aydınlıq gətirib.

ONA-nın xəbərinə görə, komitənin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov bildirib ki, E.Miri qanunvericiliyə uyğun olaraq “İslamda yoxdur” adlı əsərini Dövlət Komitəsi tərəfindən dinşünaslıq ekspertizasının aparılması və rəy verilməsi üçün təqdim edib.

N.Məmmədovun sözlərinə görə, müəllifin “seyidlik” anlayışı və “Peyğəmbərin məsumluğu” ilə bağlı mövqeyi və bu mövqeyi ifadə etmə forması ölkədə dini durumda mənfi təzahürlərin meydana gəlməsinə, dini nifrət və düşmənçiliyə, tolerant və multikultural mühitə mənfi təsir göstərə biləcəyindən, Dövlət Komitəsi həmin əsərin nəşrini məqsədəuyğun hesab etməyib: “Dövlət Komitəsinin qərarına etiraz edən Elşad Miriyev məhkəməyə müraciət edib, birinci instansiya və apellyasiya məhkəmələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qərarını qüvvədə saxlayıb. Elşad Miriyev Dövlət Komitəsinin qərarından sonra media imkanlarından istifadə edərək, dəfələrlə Komitə əməkdaşlarına qarşı qərəzli ittihamlar səsləndirib, ictimai rəyi çaşdırmağa çalışıb. 13.03.2019-cu il tarixində “Bizim yol” saytının əməkdaşına verdiyi video müsahibədə növbəti dəfə bu məsələni gündəmə gətirərək, guya kitabın nəşrinə razılığın verilməməsində Qafqaz Müsəlmanları İdarəsinin rolu olduğunu bildirib”.

Şöbə müdiri qeyd edib ki, dinşünaslıq ekspertizası ilahiyyatçı mütəxəssislər tərəfindən tam müstəqil həyata keçirilir: “Bu mütəxəssislərin verdiyi qərara kimlərinsə hansısa formada müdaxilə etmək səlahiyyəti yoxdur. Eyni zamanda müvafiq qanunvericiliyə əsasən, ekspertlərin bilə-bilə yalandan rəy verməsi cinayət məsuliyyəti yaradır. Özünün də qeyd etdiyi kimi, məlum fikir Elşad Miriyev tərəfindən səsləndirildiyi zaman həm onunla fərdi söhbətlərdə, həm də məhkəmədə dəfələrlə QMİ-nin kitabın nəşrinə razılığın verilməməsində rolunun olmasının yalan olduğu bildirilib. Dövlət Komitəsi bu iftiranın əsassız olduğunu, bu gün ölkədə formalaşan dövlət-din münasibətlərinə xələl gətirmək məqsədi güddüyünü bəyan edir, Qafqaz Müsəlmanları İdarəsi ilə Dövlət Komitəsi arasında nifaq salmaq cəhdi kimi qiymətləndirir”.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR