"Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir əcnəbi vətəndaş müvafiq iş icazəsinin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. Bu, kifayət qədər rahat və şəffaf bir prosesdir".
ONA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
O bildirib ki, işə götürən hüquqi və fiziki şəxslər həmin şəxsin müvafiq sənədlərini toplayaraq Miqrasiya Xidmətinə təqdim etməlidir: "Təqdim olunan sənədlər əsasında Miqrasiya Xidməti tərəfindən 20 gün müddətində müvafiq qərarlar verilir. Bu proses tam elektronlaşdırılıb. Biz iş adamları ilə də müəyyən görüşlər keçiririk. Miqrasiya Xidmətinə bu sahə ilə bağlı hər hansı bir narahatlıq və şikayətlər son vaxtlar, demək olar ki, daxil olmur".