Dövlət sosial sığortası üzrə sığorta olunan şəxs öldükdə Vergilər Nazirliyi məlumatlandırılacaq.
ONA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edib.
Qaydaya əsasən, indiyə qədər dövlət sosial sığortası üzrə sığorta olunan şəxs öldükdə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi ötən şəxsin adı, atasının adı və soyadı doğulduğu il, ay, gün və yer, cinsi, daimi qeydiyyatda olduğu yerin ünvanı, şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı barədə məlumatları ölüm faktının qeyd olunduğu gündən bir ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərməli idi. Dəyişikliyə görə, bundan sonra həmin məlumatlar bir ay ərzində həm də Vergilər Nazirliyinə göndərilməlidir.