Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə “Daşınar əmlakın yüklülüyü haqqında” qanunda nəzərdə tutulmuş məlumatların təqdim edilməməsinə, habelə reyestrə bilərəkdən yanlış və natamam məlumatların əldə edilməsinə görə fiziki şəxslər 150 manat, vəzifəli şəxslər 2500 manat məbləğində cərimə ediləcək.
ONA-nın məlumatına görə, bu gün Milli Məclisin plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Layihəyə əsasən, daşınar əmlakın yüklülüyünün dövlət reyestrini aparan qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların saxlanılması və reyestrin aparılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 1000 manat məbləğində cərimə ediləcək. Eyni zamanda qanunla müəyyən edilmiş qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə vəzifəli şəxslər 1500 manat məbləğində cərimə ediləcəklər.