İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.
Bu barədə ONA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, başçəkmədə məqsəd bu müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılmasından ibarət olub.
Başçəkmə zamanı saxlanma şəraiti, qidalanma, tibbi yardım, gəzinti və digər hüquqların təmin olunması vəziyyəti, rəftar məsələləri araşdırılıb, bu məqsədlə bir sıra təqsirləndirilən şəxslər fərdi qaydada qəbul ediliblər.
Qəbul edilmiş şəxslərə hüquqları, müvafiq qanunvericiliyin tələbləri, müraciətləri üzrə Ombudsmanın səlahiyyətləri izah olunub, bəzi şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə onlara hüquqi məsləhətlər verilib.
Başçəkmənin yekununda Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının rəhbərliyi ilə müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun müvafiq tövsiyələr verilib.