• SOSİAL

    14:58 6 may 2019

DYNX-nin şöbə rəisi: "Biçin mövsümündə yanğın təhlükəsizliyi ilə bağlı əhalinin də üzərinə böyük məsuliyyət düşür"

Dənli və texniki bitkilərin yığımı mövsümünə az qalıb. Biçin zamanı əsas məsələlərdən biri də yanğın təhlükəsizliyidir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Yanğına qarşı təbliğat şöbəsinin rəisi, polkovnik Elnur Babayev ONA-ya müsahibəsində bu məsələlərə toxunub.

- Biçinə hazırlıq dövründə yanğın təhlükəsizliyi ilə bağlı hansı tədbirlər həyata keçirilir?

- Mövsüm başlanmazdan öncə Dövlət Yanğın Nəzarəti Xidmətinin Ərazi və Regional Dövlət Yanğın Nəzarəti idarələri tərəfindən seminar müşavirələr keçirilir. Dövlət Yanğın Nəzarəti Xidmətinin 8 regional , 4 ərazi dövlət yanğın idarəsi mövcuddur. Həmin o regional idarələrdə seminar müşavirələr mütəmadi olaraq keçirilir. Müşavirələrdə İcra Hakimiyyəti nümayəndələri, bələdiyyələr, aqroservislər, fermerlər, meşə mühafizəsi və barpası idarəsinin nümayəndələri əkin sahələrinin və meşələrin yanğın təhlükəsizliyi məsələsini müzakirə edirlər. Yay mövsümünün yaxınlaşması ilə əlaqədar vətəndaşlar əsasən istirahət zonalarına, meşə zolaqlarına üz tuturlar. Odur ki, yanğın təhlükəsizliyi qaydalarının pozulması acınacaqlı vəziyyətə gətirə bilər. Tədbirlər zamanı videoçarxlar nümayiş olunur. Bukletlər, plakatlar, posterlər paylanır. Təbliğat yönümlü işlər aparılır. Həmçinin, bu müşavirələrdə mövcud çatışmazlıqlarla bağlı müvafiq tapşırıqlar verilir.

- Adətən hansı çatışmazlıqlar olur?

- Texnikaların çatışmazlığından şikayətlənirlər. Çünki sahələr 6 metr, 4 metr enində şumlanmalıdır. Bir-birindən ayrılmalıdır. 50 hektardan artıq olduğu təqdirdə ən azı 4 metr şumlanmalıdır ki, yanğın hadisəsi baş versə, başqa sahəyə keçməsin.

- Bu texniki göstərişlərin yerinə yetirilməsinə kim nəzarət edir?

- Mən arzu edərdim ki, hər bir vətəndaş həm də nəzarətedici funksiyanı həyata keçirsin.

Yanğın təhlükəsizliyi haqqında qanun var. Qanun alidir. Hər bir vətəndaş ona əməl etməyi özünə borc bilməlidir. Yanğın təhlükəsizliyi haqqında qanunun 6-cı maddəsində müəssisələrin hüquq və vəzifələri göstərilib. 7-ci maddədə isə vətəndaşların yanğın təhlükəsizliyi sahəsində hüquq və vəzifələri təsbit edilib. Yəni hər bir vətəndaş yanğın təhlükəsizliyi qaydalarına, normalarına, standartlarına riayət etməyə borcludur.

Taxıl biçini kampaniyasında tərəfimizdən aparılan maarifləndirmə, təbliğat, həyata keçirdiyimiz nəzarət funksiyaları, qanunvericiliyə uyğun olaraq gördüyümüz tədbirlər, yanğın təhlükəsizliyini pozan şəxslər barəsində bütün hərəkətlərimiz qanuna sığınır. Müvafiq təlimatlara, müvafiq yanğın təhlükəsizlik qaydalarına və İnzibati Xətalar Məcəlləsinə... Kim nəzaərt etməlidir sualına gəldikdə, əgər fermer təsərrüfatıdırsa, fermer təsərrüfatının rəhbəri yanğın təhlükəsizliyi məsələlərinə diqqət yetirməli, tabeliyində işləyən hər bir şəxsi yanğına qarşı təlimatlandırmalı və onların tərəfindən bu qaydalara əməl olunmasına nəzarət etməlidir. Hazırda danışdığımız bu mövzu üzrə dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanması, emalı dövründə yanğın təhlükəsizliyi ilə bağlı isə məhz bu işə aidiyyəti olan, istər dövlət strukturlarının, istər də sahibkarlıq subyektlərinin bu sahədə maarifləndirilməsi məqsədi ilə onlara yanğın təhlükəsizliyinə əməl olunmasına doğru istiqamətin verilməsi məqsədi ilə həmin bu seminarlar, müşavirələr keçirilir.

- Texniki şərtləri pozanları hansı cəzalar gözləyir?

- İnzibati Xətalar Məcəlləsinin yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə məsuliyyət nəzərdə tutan 518-ci maddə var. Həmin maddədə yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə müvafiq inzibati cərimələr nəzərdə tutulub. Fiziki şəxslərə xəbərdarlıq və ya 25 manatdan 30 manata qədər, vəzifəli şəxslər 100 manatdan 150 manata qədər cərimə olunur. Hüquqi şəxslər isə 350 manatdan 500 manatadək məbləğdə cərimə olunurlar. Burada xüsusi rejim var. Xüsusi rejim şəraiti olduğu təqdirdə fiziki şəxslər 30 manatdan 50 manata qədər, vəzifəli şəxslər 150 manatdan 200 manatadək, hüquqi şəxslər 500 manatdan 700 manatadək cərimələnirlər. Texnikaların atqı borusundan (qluşitelində) qığılcım çıxır. Qığılcım isə quru sahədə, yəni taxıl sahəsində yanğın hadisələrinə səbəb olur. Ona görə də bu texnikalar mütləq qaydada qığılcımsöndürənlərlə təmin olunmalıdır. Qığılcımsöndürən olmayan texnikanın sahəyə buraxılması yolverilməzdir. Bu da yanğın təhlükəsizliyi qaydalarının pozulmasıdır.

Hazırda ot və taxıl mövsümünə hazırlıqdır. Obrazlı desək, artıq sahələr yaşıl dondan sarı dona keçir. Odur ki, məhsulun qorunması üçün tədbirlə həyata keçirilir. Üstəgəl meşələrdə də yanğın təhlükəsizliyi mövzusuna regional müşavirələrdə toxunuruq. Orada meşə bərpası müəssisələrinin də nümayəndələri olur, icra hakimiyyətinin nümayəndələri də, bələdiyyələr də... Yəni yanğın təhlükəsizliyi ilə bağlı hansı tədbirlərin görülməli olduğu bir daha diqqətə çatdırılır.

- Əkin sahələri yaşayış zonalarından və meşə zolaqlarından nə qədər aralıda olmalıdır?

- Minimal məsafə 50 metrdir. İstər meşə zolağının, istər də əkin sahələrinin yaşayış zonalarıyla minimal məsafəsi 50 metr olmalıdır.

- Yanğın təhlükəsizliyini təmin etmək üçün sadaladıqlarınız maarifləndirici işlərdir. Bəs əməli olaraq hansı işlər həyata keçirilir?

- Aqrolizinqlər tərəfindən bizə müraciətlər daxil olur. Həmin o müraciətlər əsasında onların texnikalarına baxış keçirilir.

- Aqrolizinqlər özləri o baxışların keçirilməsində maraqlıdır?

- Əlbəttə. Onlar Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan qurumdur. Dövlət qurumu olaraq hamımız maraqlıyıq ki, məhsul təhlükəsiz şəraitdə, hadisə baş vermədən yığılsın, daşınsın, saxlanılsın və emal olunsun. Dövlət qurumları olaraq hər birimiz maraqlıyıq ki, hadisə baş verməsin. Ona görə də əməli olaraq texnikalara baxış keçiririk. O texnikalarla işləyənlərlə də maarifləndirici söhbətlər aparılır. Ola bilər, işçilərdən kimsə siqaret çəkəndir. Siqareti sahəyə atsa, görün hansı fəsadlarla nəticələnər? Onların maarifləndirilməsini, texnikalarının yoxlanılmasını və sahəyə saz vəziyyətdə buraxılmasını təmin etmək əsas vəzifəmizdir.

- Minik və yük avtomobilləri il ərzində icbari olaraq yoxlanılır, texniki baxışdan keçir. Bəs bu təsərrüfat texnikaları üçün hər hansı icbari texniki baxışlar keçirilirmi?

- Taxıl biçini başlamazdan əvvəl bu tədbirlərimizi həyata keçiririk. Bundan başqa, hər rayonda xidmət aparan əməkdaşlarımız tərəfindən fermerlərə, icra nümayəndəliklərinə avtomobil yollarında, dəmir yollarında ara məsafələrinin gözlənilməsi barədə məktublar ünvanlanır ki, orada şumlanma aparılmayıb və ya hansısa digər təhlükəli amil var. Bu barədə onlar xəbərdarlqdan sonra həmin nəzarət funksiyasını icra etmirsə, inzibati məsuliyyətə cəlb olunurlar.

- Yanğın təhlükəsizliyində, yanğına qarşı təbliğatda əhalinin rolu nə dərəcədədir?

- Hamımız rayona gedəndə sahələri seyr edirik. Həmin o sahəyə cavabdeh olan ya icra nümayəndliyidir, ya da bələdiyyə. Bu orqanların hər ikisi, o torpaq lap sahibkara həvalə olunsa belə, yanğın təhlükəsizliyi qaydalarına əməl etməlidir. Hər bir müəssisə rəhbərinin və vətəndaşın borcudur ki, yanğın təhlükəsizliyi qaydalarına əməl etsin. Kimsə maşınla getdiyi yerdə siqaret kötüyü ata bilər. Ona görə də avtomobil yolları ilə əkin sahələrinin arası şumlanmalıdır, otdan təmizlənməlidir. Bu məsələ, həmçinin, dəmir yollarına aiddir. Ola bilər ki, yanğın törədə biləcək nəsə atılar. Yanğınların baş verməməsi, yanğın təhlükəsizliyi məsələlərində vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyi təmin etmək məqsədi ilə meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda, onların arası biçilməli və eni 4 metrdən az olmayaraq şumlanmalıdır. Biçilmiş ot taxıl zəmilərindən ən azı 30 metr kənarda tayaya vurulmalıdır. Taxıl yetişən zaman cavabdeh şəxslər tərəfindən zəmiləri yanğından qorumaq məqsədi ilə xüsusi keşikçilər ayrılmalıdır. Biçilmiş ot və taxıl həmin sahədən kənara daşınmalıdır. Taxıl yığımı və ot tədarükü zamanı müvəqqəti tarla düşərgələri, taxıl zəmiləri, xırmanlar və sairə yanğın təhlükəli yerlərdən ən azı 100 metr kənarda yerləşdirilməlidir.

- Dənli bitkilərdən başqa hansı sahələr yanmaya meyllidir?

- Yanma üçün 3 amil tələb olunur. Yanar material, oksigen və alışdırma mənbəyi. Bunların hər hansı birinin mövcud olmaması yanğının baş verməsini mümkünsüz edir. Sual verirsiniz ki, hansı meyllidir? Məqsəd olsa, hamısını yandırmaq mümkündür. Bir şeyə də toxunmaq istəyirəm. Bəzən vətəndaşlarımız bilərəkdən biçilmiş sahələri yandırırlar.

- Yandırırlar ki, növbəti ilə hazırlıq görsünlər?

- Amma düşünmürlər ki, bununla sahəyə ziyan vururlar. Üstəgəl hava şəraiti küləkli olarsa və yaxınlığındakı taxıl sahəsi hələ biçilməyibsə, onda necə olar?! Sahələri yandırmaq yolverilməzdir. Seminar müşavirələrdə tərəfimizdən bu mövzu da qabardılır.

- Meşələri bilərəkdən yandırma halları varmı?

- Biri var ehtiyatsızlıqdan, biri də var qəsdən yanğın törətmək... Qaydaları bilməmək məsuliyyətdən azad etmir. Ehtiyatsızlıqdan da hadisə törətdikdə məsuliyyətdən azad olunmursan. Amma bir fərq var. Bunun ağır və ya yüngül olması. Qəsddirsə, bilərəkdən törədilibsə, cəzası da ağır olur. Gedirik, istirahət edirik, ocaq yandırırıq, kabab çəkirik, ocağı söndürmürük. Havanın dəyişməsi, yelin əsməsi, qığılcımların ətrafa yayılması quru ota və digər yanar materiallara keçməsi yanğına səbəb olur. Bu, qəsdən törətmək anlamına gəlməsə də, məsuliyyətdən də azad etmir.

- Təbliğat işləri meşələrdə necə həyata keçirilir?

- Yəqin ki, meşə massivlərində bilboardlarımızı, “Meşələrimizi yanğından qoruyaq” lövhələrimizi görmüsünüz. Bundan başqa, əhali arasında sistemli şəkildə maarifləndirmə və izahat işləri də aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR