• SOSİAL

    15:57 17 may 2019

Ədliyyə Nazirliyi: Özəl icra məmurlarının fəaliyyəti ilə bağlı təkliflər hazırlanır

"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin imzaladığı fərmanın icrası ilə bağlı bir çox işlər görülüb. Fərmanın icrası davam edir".

ONA-nın xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin qrup rəhbəri Tural Məmmədov Fintex maliyyə və texnologiyalar sammiti çərçivəsində keçirilən paneldə deyib.

O bildirib ki, əlavə olaraq icra qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində Ədliyyə Nazirliyinin struktur qurumları tərəfindən xüsusi təkliflər paketi hazırlanıb və digər qurumlara razılaşdırılması üçün təqdim olunub: "İcra məmurlarının fəaliyyətində elektron informasiya resurslarının, yəni elektron icranın təmin edilməsi üçün 2016-cı ildən elektron icra informasiya sistemi yaradılıb, 2017-ci ildən tətbiqinə başlanılıb, 2018-ci ildən isə artıq icra məmurlarının icraatında olan bütün məhkəmə və digər orqanların qərarlarının elektron sistemə qeydiyyatı tam olaraq başa çatıb. Bununla da respublikada mövcud mülki-hüquq öhdəliyi olan vətəndaşların reyestri tam olaraq formalaşıb. Gələcəkdə banklar, kredit təşkilatları da bu sistemdən yararlana biləcəklər".

Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycanda özəl icra məmurlarının fəaliyyət göstərmələri ilə bağlı təkliflər hazırlanır: "Bununla bağlı, Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq təcrübə öyrənilir. Bu yaxınlarda Litva və Bolqarıstana səfər edilib. Məlumat üçün bildirim ki, özəl icra məmurları fəaliyyət göstərən dövlət qurumlarında icra sənədlərinin, yəni məhkəmələrin və digər orqanların qərarlarını tələbkar şəxslər özləri icra məmuruna icra üçün verirlər. Yəni bunları icra sənədini verən orqan icraata yönəltmir, vətəndaşın özü məhkəmə qərarını əldə etdikdən sonra dərhal hansısa şəhərdə yerləşən icra məmuruna müraciət edərək icra üçün ona təqdim edə bilir. Bu müqavilə əsasında və ya digər formada ola bilər.

Vətəndaşlar özü icra məmurunu müstəqil sürətdə təyin edə biləcəklər. Əgər icra məmuru vətəndaşın işini qaydasında aparmasa, icra sənədi yenidən başqa bir icra məmuruna yönəldiləcək. Bu da icra məmurlarının fəaliyyətində sui-istifadə hallarının qarşısını alacaq".

Fərid

Teqlər:

SON XƏBƏRLƏR