Ədliyyə Nazirliyi qanunvericiliyin təsirinin qiymətləndirilməsi mexanizmi ilə bağlı təkliflər hazırlayacaq.
ONA-nın məlumatına görə, baş nazir Novruz Məmmədov bununla bağlı müvafiq sərəncam imzalayıb.
ərəncama əsasən, Ədliyyə Nazirliyi icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla xarici dövlətlərin qanunvericiliyin təsirinin qiymətləndirilməsi sahəsində mütərəqqi təcrübəsini nəzərə almaqla, qanunvericiliyin təsirinin qiymətləndirilməsi mexanizmi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə 15 aprel 2019-cu il tarixli fərmanına əsasən, Prezidentinin Administrasiyasına da inkişaf etmiş xarici dövlətlərin qanunvericiliyin təsirinin qiymətləndirilməsi sahəsində mütərəqqi təcrübəsini nəzərə almaqla, qanunvericiliyin təsirinin qiymətləndirilməsi mexanizmi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Həmin fərmanla Nazirlər Kabinetinə yeni səlahiyyət də verilib. Nazirlər Kabineti gələcəkdə müəyyənləşəcək qanunvericiliyin təsirinin qiymətləndirilməsi mexanizminə müvafiq olaraq monitorinqinin həyata keçirilməsi ilə bağlı tədbirlər görməli, aparılmış monitorinqin nəticələri ilə bağlı təkliflərini (məlumatlarını) qanunvericiliyin təsirinin qiymətləndirilməsi mexanizminə müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etməlidir.