• SOSİAL

    17:06 17 aprel 2019

ƏƏSMN: 15-18 yaşlı şəxslərlə əmək müqaviləsi bağlanarkən valideynin yazılı razılığı alınmalıdır

”Əmək qanunvericiliyinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaşdır. Həmin yaşdan 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin, yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən ONA-ya verilən məlumata görə, bu fikir Dövlət Əmək Müfəttişliyi Xidmətinin 10 saylı regional bölməsinin Masallı şəhərində “Uşaq əməyinin istismarının qarşısının alınması” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında keçirdiyi maarifləndirici tədbirində vurğulanıb.

Tədbir Dövlət Əmək Müfəttişliyi Xidmətinin təsdiq edilmiş iş planına uyğun olaraq əmək qanunvericiliyi, onun tətbiqi ilə bağlı işəgötürənlərin məlumatlandırılması məqsədilə təşkil olunub. Bildirilib ki, 15 yaşına çatmamış şəxslərin işə, habelə onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi hallarına görə İnzibati Xətalar Məcəlləsində cəza tədbirləri nəzərdə tutulub.
Tədbirdə uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, əmək münasibətləri sahəsində uşaq hüquqları barədə iştirakçılara geniş məlumatlar verilib.
“Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusundan da bəhs olunub. Qeyri-leqal məşğulluğun işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olduğu və vergi-sığorta daxilolmalarına ciddi ziyan vurduğu qeyd olunub. İşəgötürənlərin belə hallara yol verməmələrinin və əmək münasibətlərinə cəlb edilən hər bir işçi ilə əmək müqaviləsi bağlanılmasının vacibliyi vurğulanıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR