• SOSİAL

    15:46 17 mart 2019

Penitensiar Xidmət: Azərbaycanda əfv sərəncamının icrası başa çatıb - FOTOSESSİYA - YENİLƏNİB-4 - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 mart 2019-cu il tarixdə imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası başa çatıb.

Bu barədə ONA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov məlumat verib.

Sərəncamın icrası Ombudsman Aparatının, dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 16 mart 2019-cu il tarixli sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Sərəncama sasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.

***

saat 13.31

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamının icrası davam etdirilib.

ONA-nın məlumatına görə, sərəncam Bakı İstintaq Təcridxanasında da icra edilib.

Burada cəza çəkən 6 nəfər azadlığa buraxılıb.

Onlar təcridxanada təsərrüfat işləri ilə məşğul olan şəxslərdir.

Bakının Xətai rayonunda yerləşən Penitensiar 7 saylı cəzaçəkmə müəssisəsində 7 nəfər azadlığa buraxılıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və bu partiyanın üzvü Murad Ədilov azadlığa buraxılıb.

***

Saat 12.55

Prezident İlham Əliyevin martın 16-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Xaçmazda yerləşən 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə , müəssisədə cəza çəkən 8 məhbus bu gün azadlığa buraxılıb.

Əfv olunanlardan 4 nəfəri Bakı şəhəri, digərləri isə Abşeron, İmişli, Ağdaş və Lənkaran rayon sakinləridir.

***

saat 12.29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 mart 2019-cu il tarixdə imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı icra edilir.

ONA-nın məlumatına görə, sərəncam 9 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub. Əfv sərəncamı bu müəssisədən 5 nəfərə şamil olunub. Azadlığa çıxanlar arasında keçmiş müstəntiq Rüfət Səfərov da var.

Bakının Nizami rayonundakı 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində 4 nəfər azadlığa buraxılıb.

***

saat 11.15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 mart 2019-cu il tarixdə imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı icra edilir.

ONA-nın məlumatına görə, Bakının Nizami rayonundakı 6 saylı cəzaçəkmə müəssisəsində 49 nəfər azadlığa buraxılıb.

Bakının Nizami rayonundakı 1 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində 8 nəfər azadlığa buraxılıb.

Əfv sərəncamı ilə Şəki Penitensiar müəssisəsində cəzə çəkən 23 məhbus azadlığa qovuşub. Əfv edilən məhbuslardan 18 nəfəri ağır cinayətlər məhkəməsinin qərarı ilə, 5 nəfəri isə təkrar cinayət törətdiklərinə görə cəza çəkirdilər. Əfv edilənlər arasında bir nəfər İsmayıllı rayon sakini Vasif Ədalət oğlu İbrahimov 2013-cü ilin 23-25 yanvar tarixlərində İsmayıllıda baş verən məlum hadisələrə görə həbs edilib. Daha bir nəfər Kürdəmir rayon sakini Mübariz Abdullayev isə Milli Məclisin keçmiş deputatı Gülər Əhmədova qalmaqalında adı hallanan Elşad Abdullayevin əmisi oğludur.

Qeyd edək ki, prezident İlham Əliyevin 16 mart 2019-cu ildə imzaladığı əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR