• SOSİAL

    12:47 26 aprel 2019

Ekspert yeni qanun layihəsinə lama və dəvəquşunun daxil edilməsini şərh edib

“Dövlət Statistika Komitəsi ilə də əlaqə saxlayıb, maraqlandım. Dövlət statistikasında kənd təsərrüfatı heyvanları deyəndə mal-qara, donuz, at, eşşək, dəvə, qunduz nəzərdə tutulur. Azərbaycanda lama və dəvəquşu yoxdur, saxlanmır, ancaq qanun layihəsində əksini tapıb”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Aqrar siyasət komitəsində “Aqrar sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı Aqrar siyasət komitəsinin eksperti Zahid Abbasov söyləyib.

Z.Abbasov deyib ki, Abşeronda dəvəquşu gətirib saxlamağa çalışıblar, ancaq o, iqlimə uyğunlaşmayıb və 2013-cü ildə bu iş dayandırılıb. Ekspert bildirib ki, dağda, aranda olan fermerlərin elektron sistemə çıxışı yoxdur: “Sığorta şirkətinin həmin sistemə çıxışı ola bilər, ancaq fermer də nəzərə alınmalıdır”.

Deputat Novruz Aslan isə qanun layihəsində konkret heyvan adlarının yazılmamasını məqsədəuyğun sayıb: “Aqrar sığortanın hansı heyvanlara şamil olunacağı sonradan Nazirlər Kabinetinin qəbul edəcəyi qərar və qaydalarda əksini tapa bilər”.

Qeyd edək ki, qanun layihəsinin 4-cü maddəsində (Aqrar sığortanın predmeti) qeyd edilib ki, aşağıdakılar aqrar sığortanın predmeti sayılır:

  • Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları;
  • Kənd təsərrüfatı heyvanları;
  • Ev quşları;
  • Arı ailələri;
  • Kənd təsərrüfatı məqsədilə yetişdirilən dovşanlar, su heyvanları, dəvə, lama və dəvə quşları;

Sənəddə göstərilib ki, istehsalı, emalı, idxalı və dövriyyəsi qadağan edilən kənd təsərrüfatı məhsulları aqrar sığortanın predmeti ola bilməz.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR